Gözləntilər puç oldu: ABŞ–İran qarşıdurması daha təhlükəli mərhələyə keçir? - ŞƏRH


Yaxın Şərqdə gərginliyin azaldılması üçün böyük ümidlər doğuran ABŞ–İran danışıqları gözlənildiyi kimi nəticə vermədi və tərəflər arasında dərin fikir ayrılıqları bir daha üzə çıxdı.

İslamabadda saatlarla davam edən görüşlərə baxmayaraq, xüsusilə İranın nüvə proqramı, sanksiyalar və regional təsir məsələlərində ortaq mövqe əldə olunmadı.

Ekspertlər hesab edir ki, danışıqların uğursuzluğunun əsas səbəbi tərəflərin “qırmızı xətləri”nin bir-biri ilə uzlaşmaması və qarşılıqlı etimadsızlıqdır. Bu fonda ABŞ-ın sərt şərtləri və İranın onları qəbul etməməsi prosesin dalana dirənməsinə gətirib çıxarıb.

Danışıqların nəticəsiz qalması regionda yeni eskalasiya risklərini artırır. Artıq Hörmüz boğazı ətrafında gərginliyin yüksəlməsi, enerji bazarlarında dalğalanma və hərbi qarşıdurma ehtimalı Yaxın Şərqin yaxın gələcəyini daha da qeyri-müəyyən edir.

Bəs bundan sonra nələr olacaq? İranı və regionu hansı təhlükələr gözləyir? Turkustan.az bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladı.

ABS Cinden sonra Rusiyani "qasindirmaga" calisir:

Məhəmməd Əsədullazadə

ABŞ və İran arasında Pakistanda danışıqların baş tutmamaması əslində hər iki tərəfin özünü qalib hesab etməsi ilə bağlıdır. Çünki tərəflər mövqelərindən geri çəkilməyiblər və hər biri öz üstünlüyünü qoruduğunu düşünür. Bu səbəbdən də sahədə açıq şəkildə qalib olan tərəf yoxdur və tərəflər bunu öz baxışlarında hiss etmirlər.

Eyni zamanda, İran mövqeyini daha da gücləndirib. Xüsusilə Hörmüz boğazına nəzarəti artırması, təhlükəsizlik və nəzarət sistemlərini genişləndirməsi ABŞ üçün ciddi strateji çağırış yaradır. Bu bölgə qlobal enerji daşımaları baxımından son dərəcə önəmlidir. Hazırda ABŞ boğaz istiqamətində yoxlamaları gücləndirəcəyini açıqlayıb.

Bu addım gərginliyi artıra və İranın iqtisadi vəziyyətinə mənfi təsir göstərə bilər. Əgər İran buna qarşı hər hansı sərt addım atarsa, bu, daha genişmiqyaslı hərbi qarşıdurmaya gətirib çıxara bilər. Digər tərəfdən, Çin də ABŞ-ın İranı dənizdən təzyiq altına almasına ciddi maraq göstərmir və belə bir ssenaridə İranı müəyyən dərəcədə dəstəkləyə bilər.

Bu isə regiondakı balansı daha da mürəkkəbləşdirir. Ümumilikdə, tərəflər arasında danışıqların davam etməsi ehtimalı qalır, lakin razılığa gəlmək hələlik çətin görünür. Əgər diplomatik proses dayanarsa, yeni bir müharibə riski də istisna edilmir.

Belə görünür ki, ABŞ İran amilindən istifadə edərək Çinə qarşı iqtisadi təzyiqi artırmağa çalışır və bu vəziyyət İranı daha geniş geosiyasi rəqabətin bir hissəsinə çevirir. Nəticə etibarilə, yaxın perspektivdə tərəflərin ortaq mövqeyə gəlməsi çətin görünür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ