Qadına sirr adı vermək, onu anlamamaq üçün uydurulmuş müqəddəs bir yalandır. Qadının gizli qalmasını ona ilahi nəcibliyini qorumaq kimi anlatmışlar. Kişilər tarlaların sarımtıl rənglərində əsarət səltənətlərini qadınla qoruyur. Ancaq buna baxmayaraq, kişilər qadın ağaclarını payız etsələr də, özləri də bu payızın ayağının altında xəzəl olub, ayaqlanıblar.
Qadın dünyasına boylansaq, görərik ki, o, özünün idarəetmə quruluşunu öz təbiəti gözəlliyi üzərində qurur. Bu, həm onun ətrafı öz gücündən aslı etmək ehtirası, həm də cəmiyyətin ona qoyduğu ...sirr... maskasına verdiyi estetik etirazdır. Ancaq bu quruluşun daxilini qadın başqa bir zəncirlə bağlayır, Ailə olmaq onu sahiblənmə öhdəlikləriylə kölə etdiyi üçün, müasir qadın ailə olmağa da bir alət kimi yanaşır. Onun fərdi kimliyi əridiyi üçün o, öz düşüncəsini itirir... Və belə olan halda qadınlar ailə olmağın, balaca cəmiyyət qurluşundan başqa bir işə yaramadığını anlayır...
Qadının rəqibi qadındır, bu həyatın hər dolanbacında özünü göstərir. Qadınlar bir-birinin ən parlaq güzgüsüdür. Yəni qadın qadınla bəhs edər, o, kişi tərəfindən əzilməsinin, məğlubiyyətinin intiqamını başqa bir qadından alar. Bu zəncirdə rəfiqə qadının dostu kimi görünsə də, əslində sosial ayaqaltıdır, o, bu yol vasitəsiylə öz təbəssümünün nərdivanlarını qalxır. Qadının yüksəlməsinə qadından başqa uzun vurğunluq çəkən olmaz. Və bunu bir qadının etiraf etməsi eqo gücünün zəifliyini göstərər.
Qəribədir. Qadın kişinin xəyanətindən çox, qadının xəyanətindən nifrət edir. Çünki qadının instinktində kişinin xəyanətindən xoşlanmaq var. Bir qadın kişinin ona xəyanətini bağışlayır, amma onun başqa bir qadını xoşbəxt etməyini həzm edə bilmir. Çünki bu, artıq kişinin deyil, rəqibin qələbəsidir.
Əgər belə olmasaydı, qadınlar sevgilərindən kişilərə şəxsiyyət obrazını hədiyyə etməzdilər, Qadın öz sevgisini başqa bir qadına qarşı silah kimi istifadə edir. Amma bir qadın sevgisi ilə bir kişini ram edə bilsə də, başqa bir qadını sona qədər idarə edə bilmir.
Qadınlar həyatı südləri kimi ağ görürlər, orada həyat kişi ləkəsidir. Nətəhərsə bu açıq rənglərin üzərinə qaranlıq bir kölgə düşür, Vətən qadının başına gətirilmiş ən böyük bəladır. Axı o, bu bəlanı öz bətnində bəsləyib böyüdən bir fədakardır.
Əslində, ailə də, din də, qadının vətənlə bağlı olması da insanların bir yerdə yaratdığı düşüncələrin cəmidir. Biz isə indi fərdi yaşantılardan danışırıq. Yuxarıda ona görə təkcə vətəndən söz açdıq ki, qadını vətənlə müqəddəs hesab etmək yalnız o zaman mümkündür ki, o yaşadığı torpaq üçün özünün adını qurban verə bilsin. Belə isə qadın öz taleyini, kimliyini və gücünü müəyyən edə bilir. Qadının yeganə uduzduğu kollektiv düşüncədə vətəndir!
Din, ailə və digər toplum dəyərlər bu yolda uğursuzdur, yəni modern qadın bu sərhədləri aşa bilir.
İndi isə baxaq həmin qadının iç dünyasına, onun özlüyünə.
Qadının həyatında uzun müddətli rol oynayan dominant kişi fiqurları ata, qardaş və ya həyat yoldaşı onun düşüncəsində və davranışında yuva salan bir ...kişi təsiri... formalaşdırır. Bu təsir qadının daxili dünyasında kişi xarakterinin kök salmasına səbəbdir. Və qadının öz fitri qadınlıq təbiəti, emosional dərinliyi və estetik zövqləri müəyyən dərəcədə kölgələnir.
Niyə ki, qadın öz orijinal mənliyindən və qadınlıq dünyasından yağış dənələri çətirdən düşənəcən qopmağa başlayır...
Qadın özəl ağrılarını gizlətdikcə, ətrafa bir atom təsiri bağışlayır. Çiçək olmaqdan bezir, gül təki qısa müddətli gözəllik yaşadıb, zibilliyə atılacağını hiss edir.
Qadın təbiətin ona verdiyi gözəlliyin işə yaramadığını və ya bunu xərcləyib qurtardıqdan sonra, öz duyğularını və istəklərini aliləşdirməyə başlayır, onları bir həyat mədəniyyətinə və canlı bir yaşantıya qovuşdurduqca, öz kimliyini daha aydın görür və fərdi şəkildə xoşbəxt olmağı ikinci dəfə tapmış olur.
O, eynəyinin yarım şüşəsi altından baxaraq həyatın sevincini hiss edir. Əllərini sərbəstcə yelləyib addımladıqca, dikdaban ayaqqabılarının sədası küçələri bürüyür. Şəhərin siqnallarıyla içsəl duyğuların qovuşduğu yerdə, o, həyatda müstəqil xoşbəxtliyin nə qədər şirin olduğunu dadır...
Cavid Fərzəli