ABŞ və İranın biri-birinə qurduğu sülh TƏLƏSİ


ABŞ və İran arasında sülhün əldə edilməsi üçün müəyyən edilmiş 5 günlük müddət getdikcə azalır.

Bu, tərəflərin bəlkə də sülhə nail olması istiqamətində ən real imkanlardan biri hesab edilir. Əks təqdirdə, eskalasiya yeni və daha ağır mərhələyə daxil ola bilər. Münaqişə davam edəcəyi təqdirdə ABŞ və İsrail İranın elektrik stansiyalarına zərbə endirə bilər.

Nəticədə İranda elektrik enerjisinin kəsilməsi yalnız hərbi obyektlərin deyil, eyni zamanda, sosial və iqtisadi infrastrukturun sıradan çıxmasına, internetin tamamilə kəsilməsinə gətirib çıxaracaq. İranda 130-dan artıq elektrik stansiyasının fəaliyyət göstərdiyi bildirlir.

Onların vurulması üçün daha genişmiqyaslı bombardman əməliyyatının aparılmalıdır ki, bu da müharibənin dərinləşməsinə şərait yaradacaq. Öz növbəsində İran tərəfi də İsrailin və ərəb dövlətlərinin elektik enerjisi istehsal edən obyektlərinə raket zərbələri endirəcəyini bildirib. Bu zaman regionda yaranmış iqtisadi böhranın miqyası və qlobal təsirləri daha artmış olar.

Qeyd edilən səbəbdən ABŞ və İran arasında Pakistanın paytaxtı İslamabadda aparılan qapalı danışıqlar gözlənilən təhlükənin qarşısını almaq üçün preventiv addımlar atmağa kömək edə bilər. Prezident Donald Trampın verdiyi açıqlamalar İran tərəfinin əməliyyatların dayandırılması müqabilində ABŞ-nin irəli sürdüyü əsas şərtləri qəbul etməyə hazır olduğunu göstərir.

Söhbət ilk növbədə, İranın zənginləşdirilmiş uran ehtiyatının təhfil verilməsi və ölkədən çıxarılmasından gedir. İranın ballistik raket istehsalının dayandırılması ilə bağlı tələbə gəlincə, hərbi əməliyyatlar zamanı onların böyük əksəriyyəti məhv edilib və istifadə edilib.

Ona görə də ABŞ bu iki məsələdə İranla ortaq variant tapa biləcəyini düşünür. Tramp jurnalistlərə açıqlamasında daha bir məsələnin öz həllini tapdığını bəyan edib. Söhbət İranda rejim dəyişikliyindən gedir.

ABŞ Prezidenti bildirib ki, İran rejiminə rəhbərlik edən əsas şəxslərin demək olar ki, böyük əksəriyyəti öldürülüb. Bu isə rejim dəyişikliyi deməkdir. Yəni Tramp ABŞ ilə barışmaz mövqe tutan sərt xətt tərəfdarları aradan qaldırıldığına görə elitada ciddi dəyişiklik baş verdiyini hesab edir və yeni kadrlarla anlaşmanı mümkün sayır.

Bu halda Tramp İranın yeni hakimiyyəti ilə işləməyə hazır olduğuna dair mesaj verir. Əgər Vaşinqton və Tehran ilkin şərtlərlə bağlı konsensus əldə etsələr, o zaman İslamabadda keçirilən danışıqların növbəti raundunda ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens başçılıq edəcək.

Lakin sülhə mane ola biləcək ciddi siyasi və hərbi risqlkərin qalmaqda davam etməsi razılaşmanın əldə olunacağına şübhə yaradır. Əvvəla, sülh bıyanatlarına baxmayaraq, hərbi əməliyyatlar və hava zərbələri qarşılıqlı şəkildə davam edir.

Bu, tərəflərin danışıqlar masasında bir-birinə qarşı təzyiq məqsədi daşıya bilər. Amma Tramp özünün vəd etdiyi kimi, 5 gün müddətinə atəşi dayandırmasa, ciddi nəticəyə nail olunmayacaq. İkinci məqam İsrailin bu məsələyə münasibəti ilə bağlıdır.

Yəni ABŞ-İran cəbhəsində atəşkəs və sülh çağırışları səslənsə də, İsrail və İran arasında müharibə əvvəlki tempi ilə davam etməkdədir. Yəni İsrail Pakistanda imzalana biləcək hər hansı sənədi tanımaya bilər. Öz növbəsində, İran İsrailə qarşı müharibəni davam etdirmək niyyətində görünür.

Çünki İsrailə qarşı mübarizə İran rejimi üçün yalnız hərbi və diplomatik məsələ deyil, həm də ideoloji mahiyyət daşıyır. Xüsusilə də İranın ali liderinin və hakim elitasının aparıcı nümayəndələrinin öldürülməsindən sonra zəifləmiş rejim mərkəzdənqaçma prosesinin qarşısını almaq, cəmiyyəti öz ətrafında səfərbər etmək üçün “İsrailə qarşı mübarizə, yaxud İsraili yer üzünüdən silmək” kimi ənənəvi doktrinasından istifadə edir.

Bu da Trampın dediyinin əksinə olaraq, İran rəhbərliyində təmsil olunanlar öldürülsə də, rejimin mahiyyətinin dəyişmədiyini göstərir. Hazırkı situasiyada İran üçün ABŞ ilə razılaşma əldə etmək və dünyanın ən böyük hərbi gücünün hücumları dayandıraraq bölgədən çəkilməsi prioritet təşkil edir.

Lakin Benyamin Netanyahu hökumətinin müharibəni davam etdirməkdə maraqlı olması İslamabad danışıqlarının müsbət nəticə verəcəyinə şübhə yaradır. İranın özünün də sülh danışıqları məsələsində ikili mövqe tutması razılaşmanın əldə olunmasını əngəlləyən əsas problemlərdən birinə çevrilib.

Belə ki, İran tərəfi bir tərəfdən danışıqların aparılması xəbərini təkzib edir və ABŞ Prezidentinin yalan danışdığını deyir. Eyni zamanda, rəsmi Tehran 5 bəndlik sülh şərtləri irəli sürür. Əgər danışıqlar aparılmasa, bu şərtlər irəli sürülə bilməzdi.

Pakistanın ordusunun baş komandanı Asim Munirin islamabadda keçirlən danışıqların ilkin nıəticələri barədə Donald Trampla telefon danışığı aparması İran tərəfinin diplomatik müzakirələri daha çox gizlətməyə çalışdığını göstərir. İranın bu mövqeyi daha çox daxili ictimai rəyə hesablanmış addım ola bilər.

Çünki rəsmi Tehran xalq arasında özünü diqtə edən və güzəştə hazır olmayan tərəf kimi göstərməyə çalışır. Donald Tramp isə İran tərəfinin əsas tələbləri qəbul etməyə hazır olduğunu və bu baxımdan, danışıqların çox yaxşı getdiyini deyir.

İran hakimiyyətinin danışıqlarla bağlı ikibaşlı davranması elita daxilindəki fikir ayrılığı ilə bağlı da izah oluna bilər. Həm İran konstitusiyasına, həm də “Vilayəti-Fəqih”ə (İran islam inqilabı doktrinası) görə, belə vəziyyətdə yekun qərar vermək səlahiyyəti ali liderə məxsusdur.

İndi isə ali lider demək olar ki, yoxdur. Yəni Müctəba Xameneyinin sağ olması barədə heç bir dəlil yoxdur. Prezidentin rəhbərlik etdiyi hökumət ölkənin siyasi taleyi ilə bağlı qərar vermək səlahiyyətindən tamamilə kənarlaşdırılıb. İranda idarəçilik faktiki olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlinə keçib. ABŞ tərəfinin danışıqlar üçün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı seçməsi də bununla bağlıdır.

Qalibaf İranda nüfuzu olmayan və korrupsioner bir siyasətçi kimi tanınsa da, SEPAH generalıdır. Dolayısı ilə Tramp administrasiyası Qalibaf vasitəsilə SEPAH-la razılaşma əldə etməyə çalışır. Ancaq İran rəsmilərinin Trampın 5 günlük sülh müzakirələri açıqlamasını “yalan” adlandırması SEPAh daxilində fikir ayrılığının yaranması kimi də şərh oluna bilər.

Çünki ali liderdən sonra SEPAH-da hamının qəbul etdiyi Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani artıq həyatda yoxdur. Ona görə də hazırda ali liderin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi, SEPAH-ın yeni komandanı Hüseyn Dehqan, İran Ali Məsləhət Şurasının üzvü, SEPAH-ın sabiq komandanı Möhsün Rezayi və Məhəmməd Baqir Qalibafın vahid mövqedən çıxış etdiyini demək çətindir.

Buna baxmayaraq, rəsmi Tehranın irəli sürdüyü 5 bəndlik təıkliflər var. İran tərəfi Hörmüz boğazına nəzarətin və rüsum yığmaq hüququnun əlində qalmasını istəyir. Nəzarət məsələsində tərəflərin razılığa gəlməsi mümkün görünür. Lakin Trampın gəmilərin təhlükəsizliyini ABŞ sığorta şirkətlərinə vermək planı rüsum toplamaq məsələsində mübahisə yaradır.

İkinci şərt kimi, Tehran gələcəkdə heç vaxt İrana hücum etməmək barədə öhdəliyin götürülməsini istəyir. ABŞ-nin bu tələbi qəbul edəcəyi inandırıcı görünmür. Çünki ABŞ İranı beynəlxalq təhlükəsizlik üçün təhdid və terrorçu ölkə hesab edir. Eyni zamanda, İsrailin milli təhlükəsizliyi ABŞ üçün prioritet təşkil edir.

Ona görə də Vaşinqton belə bir öhdəlik götürməz. Bu şərt yalnız İran və İsrail arasında bir-birinə hücum etməmək haqqında paktın imzalanması şəklində təmin oluna bilər ki, Tehranın da bu addımı atması “Vilayəti-Fəqih”ə ziddir. Ona görə də İranın qeyd edilən şərti qəbul edəcəyi real deyil.

Üçüncü şərt kimi İran İsrailin “Hizbullah”a qarşı hücumlarını dayandırmağı irəli sürür. Məlumdur ki, ABŞ-İran danışıqlarında əsas bəndlərdən biri Tehranın proksi qüvvələrə dəstəyini dayandırması ilə bağlıdır. İran bu şərti qoymaqla həmin tələbi gündəlikdən çıxartmış olur.

Ona görə də nə ABŞ, nə də İsrailin buna razılıq verəcəyini demək çətindir. Dördüncü şərt ABŞ bazalarının Fars körfəzindən çıxarılmasından ibarətdir. Yəni İran Amerika hərbi bazalarının körfəzdəki ərəb ölkələrindən çıxarılmasını tələb edir. Bu da ABŞ tərəfindən qətiyyən qəbul edilməyəcək.

Beşinci şərt isə dəymiş zərərə görə İrana kompensasiyanın ödənilməsini nəzərdə tutur. Bununla da İran ABŞ-yə işğalçı olduğuna dair sənəd imzalatmaq istəyir. Yəni dolayısı ilə bu bənd ABŞ-yə qurulmuş tələdir. Ona görə də Tramp administariyasının bu şərtdən imtina edəcəyi şübhə doğurmur.

İran Xariuci İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin rəsmi Tehranın anışıqlardan imtina etdiyi barədə açıqlaması sülh prosesisnin pozulduğunu və müharibənin daha ağır mərhələyə keçdiyini göstərir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ