İsrail Müdafiə Qüvvələri Tehranın müxtəlif bölgələrində yerləşən infrastruktur obyektlərinə qarşı genişmiqyaslı zərbələr seriyasına başlayıblar.
Turkustan.az xəbər verir ki, bu barədə məlumat ordunun rəsmi Teleqram kanalında yayılıb.
Məlumata görə, əməliyyatlar çərçivəsində İran rejiminə məxsus infrastruktur hədəfləri vurulur. Eyni zamanda, İsrail hərbçiləri Livanın paytaxtı Beyrutda “Hizbullah” qruplaşmasına aid olduğu bildirilən obyektlərə də əlavə zərbələr endirir.
Rəsmi açıqlamada qeyd olunur ki, hücumlar həm Tehranda, həm də Beyrutda “terror infrastrukturu” kimi qiymətləndirilən hədəflərə yönəlib.
Xatırladaq ki, bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz “Hizbullah” silahsızlaşdırılmayacağı təqdirdə Livanın milli infrastrukturunun məhv ediləcəyi və ölkənin bəzi ərazilərini itirə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Hazırda bölgədə vəziyyətin daha da gərginləşəcəyi ehtimal olunur. /konkret.az/