SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır


ABŞ və İsraillə münaqişə və ölkənin əvvəlki ali lideri Ayətullah Əli Xameneyinin ölümü fonunda İranda həm siyasi, həm də hərbi güc İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) keçir.

Bu barədə "Reuters" agentliyinin məlumatında deyilir. “Müharibə dövründəki təzyiqlər hakimiyyəti dar və daha sərt daxili dairədə cəmləşdirib.

Bu dairə Ali Milli Təhlükəsizlik Şurasında, Ali Rəhbərin Ofisində və hazırda həm hərbi strategiyaya, həm də əsas siyasi qərarlara hakim olan SEPAH-da kök salıb” - məlumatda deyilir.

Qeyd olunur ki, hazırkı Ali Rəhbər Müctəba Xameneyi ölkənin güc strukturunun zirvəsində qalır. Lakin onun rolu əsasən öz əmrlərini verməkdənsə, generalların qərarlarını qanuniləşdirməkdir.

Bu prosesin İranda daxili siyasi sərtliyi artıracağı, xüsusilə milli azlıqların yaşadığı bölgələrdə, o cümlədən Güney Azərbaycanda yeni təzyiq mərhələsi yarada biləcəyi ehtimal olunur. Güney Azərbaycan üçün çətin dönəm başlayır?

“Cebheinfo.az”a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, siyasi şərhçi, jurnalist Elman Cəfərli bildirib ki, İranda hakimiyyətin SEPAH-ın əlində olması yeni hadisə deyil.

O qeyd edib ki, keçmiş SSRİ-də Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) hansı rolu oynayırdısa, hazırda SEPAH da İranda həmin mövqedədir:

“Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid İliç Brejnevin qocalığından yararlanan DTK hakimiyyətə tam nəzarət edirdi. Hətta baş katibin yaxın ətrafına belə öz adamlarını yerləşdirmişdi, onun qərarlarına təsir edirdi.

İranda isə “dərin dövlət” deyilən elə SEPAH-ın özüdür. Hətta Əli Xameneyinin sağılığında belə, SEPAH bütün strukturlara tam nəzarət edirdi. Bu qurumun rəhbərləri narkotik və gizli neft satışına nəzarət edir, “çirkli pullar”dan varlanırdı.

Əli Xameneyi öldürüldükdən sonra ölkənin faktiki rəhbəri SEPAH generallarıdır. Bu qurumda əsas söz sahibi Əhməd Vahididir. Maraqlıdır ki, 40 günlük savaşda İranın şiə elitasının, ordu və dövlət rəhbərlərinin əksəriyyəti qətlə yetirildi, Vahidi isə sağ qaldı.

Ümumiyyətlə, seçilmiş Prezident Məsud Pezeşkian xaric son müharibədə öldürülməyən dini elita və SEPAH liderlərinin, diplomatların çoxunun Qərblə şübhəli əlaqələrə malik olmasına dair ciddi şübhələr var.

Baxın, müharibə günlərində hazırda Qərblə danışıqlarda əsas fiqurlardan olan xarici işlər naziri Abbas Əraqçi, parlamentin sədri Məhəmməd Baqir Qalibaf arxayınca ortalıqda dolaşır, Tehran küçələrində dəfn mərasimlərinə qatılırdı.

Məsud Pezeşkian da tədbirlərə qatılırdı, amma o hədəfdə deyildi. Çünki ölkənin seçilmiş qanuni Prezidentinin qətlə yetirilməsi sivil dünyada doğru anlaşılmaz, anti-İran kampaniyasına kölgə salardı”.

Elman Cəfərli əlavə edib ki, İran elitasında baş verən son proseslərdə ölkənin hazırkı hakim dairələrinin də marağı olub:

“Fikrimcə, İran elitasının ABŞ və İsrailin əli ilə “təmizlənməsində” İranın hazırkı başbilənlərinin də xeyir duası olub. İpə-sapa yatmayan odioz fiqurlar öldürüldükdən sonra Qərblə danışıqlar başladı.

Hazırda islam inqilabının ikinci adamı Əli Xameneyinin, sistemin “boz kardinalı” Əli Laricaninin yoxluğunda SEPAH-ın əli-qolu açılıb.

Bir neçə il bundan öncə baş vermiş “hicab inqilabı”ndan sonra ölkədə geyim azadlığı ilə bağlı aşılım gözlənilirdi. Buna da hicabı sistemin qırmızı xətti adlandıran Xameneyi mane olurdu. İnci Ruhullah Xomeyninin silahdaşı, inqilabın ikinci adamı Əli Xameneyi yoxdur. İslahat yolu açıqdır.

Ehtimal var ki, İranda hakim mövqeyini qoruyub saxlamaq üçün SEPAH şəriət qaydaları ilə bağlı güzəştlərə də gedəcək. Bu güzəştlərlə bağlı fətva verən ali rütbəli ruhani isə nominal “ali rəhbər” olacaq. Ölkəni isə faktiki SEPAH komandanı idarə edəcək”.

O vurğulayıb ki, hazırda İran hakimiyyət elitasında səlahiyyət bölgüsü gedir:

“Məhz Məşhəddə keçirilən vida mərasimində Ruhullah Xomeyni, Əli Xameneyi, Qasım Süleymani, İbrahim Rəisi ilə birlikdə “Şəhidlər divarı” deyilən yerdə Müctəba Xameneyinin şəkli də asılıb. Böyük ehtimalla, Müctəba ya öldürülüb, ya da ağır vəziyyətdədir.

Hər halda onun real durumu ilə bağlı məlumatı çox saxlamayacaqlar. Çünki Müctəba Əli Xameneyi kimi şiə dünyasında avtoritet deyil. Yəqin hazırda İranda yüksək elitada səlahiyyət bölgüsü gedir. Yaxın günlərdə məsəlyə aydınlıq gələcək.

SEPAH-ın tamamilə hakimiyyətə əl qoyacağı, vilayəti fəqihin ortadan qaldırlacağı, SEPAH generallarından birinin Misirdəki kimi hakimiyyəti ələ alacağı da versiyalar arasındadır. SEPAH-ın güclənməsinin, hakimiyyəti tam ələ almasının Güney Azərbaycana ayrıca təsiri olacağını düşünmürəm.

Sadəcə bu hərəkətlənmə azərbaycanlı Prezident Məsud Pezeşkian üçün namünasib durum yaradacaq. Çünki onun hakimiyyətə yolunu Əli Xameneyi açmışdı. Müctəba Xameneyi Məsud Pezeşkianı dəstəkləyirdi.

Ata-oğul Xameneyilərin yoxluğunda Məsud Pezeşkianın mövqeləri laxlaya bilər. Ola bilsin ki, onu hətta vaxtındqan qabaq postundan uzaqlaşdırsınlar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”


MANŞET XƏBƏRLƏRİ