Yaşlandıqca çay içmək niyə vacibdir?


Yaşlı qadınlarda gündəlik çay istehlakı sümük sağlamlığına müsbət təsir göstərə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə “Nutrients” jurnalında dərc olunan tədqiqatda qeyd olunub.

Tədqiqat çərçivəsində 65 yaş və yuxarı təxminən 10 min qadın 10 il ərzində müşahidə edilib. Alimlər qəhvə və çay istehlakının sümük mineral sıxlığında baş verən dəyişikliklərlə əlaqəsini araşdırıblar.

Nəticələr göstərib ki, müntəzəm çay içən qadınlarda bud nahiyəsində sümük sıxlığı çay içməyənlərlə müqayisədə bir qədər yüksək olub. Bu artım kiçik olsa da, statistik baxımdan əhəmiyyətli hesab edilib.

Qəhvə ilə bağlı nəticələr isə fərqli olub. Gündə iki-üç fincan qəhvə içmək sümük sıxlığına mənfi təsir göstərməyib. Lakin gündə beş fincandan çox qəhvə qəbul edən qadınlarda sümük mineral sıxlığının azalması müşahidə olunub. Xüsusilə spirtli içki qəbul edən qadınların yüksək miqdarda qəhvəyə qarşı daha həssas olduğu bildirilib.

Alimlərin fikrincə, çayın tərkibində olan katexinlər sümük əmələ gəlməsini stimullaşdıra və sümük itkisini ləngidə bilər. Qəhvənin tərkibindəki kofein isə kalsiumun mənimsənilməsinə müəyyən dərəcədə mane ola bilər. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ