Ukrayna-Rusiya müharibəsi fonunda tərəflərin hərbi və iqtisadi imkanları ilə bağlı yeni araşdırmalar yayılmaqdadır.
Təhlillərə görə, Ukrayna beynəlxalq tərəfdaşlardan aldığı yardımlar, həmçinin hərbi sənaye istehsalını genişləndirməsi hesabına müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə dron və müasir silah sistemlərinin istehsalı və istifadəsi ölkənin cəbhədəki mövqeyini gücləndirən əsas amillərdən biri kimi göstərilir.
Araşdırmalarda qeyd olunur ki, Rusiyanın uzunmüddətli müharibə şəraitində həm iqtisadi, həm də hərbi resursları tədricən zəifləyir. Sanksiyaların təsiri, texnoloji məhdudiyyətlər və itkilərin artması Moskvanın döyüş qabiliyyətinə mənfi təsir göstərir.
Ekspertlər hesab edirlər ki, bu tendensiya davam edərsə, cəbhədə qüvvələr balansı Ukraynanın xeyrinə dəyişə bilər. Bununla yanaşı, Avropa və digər müttəfiqlərin davamlı dəstəyi Ukraynanın dayanıqlığını qoruyan əsas faktor kimi qiymətləndirilir.
Bəs bu iddialar nə dərəcədə doğrudur? Həqiqətənmi Ukrayna güclənir? Turkustan.az bu sualları politoloq Oqtay Qasımova ünvanladı.

Oqtay Qasımov
Ukraynanın son dövrlərdə həm daxili potensialı, həm də siyasi və hərbi dəstəyi əhəmiyyətli dərəcədə artıb. Bu, ölkənin müdafiə qabiliyyətini gücləndirib və müharibə şəraitində daha davamlı mövqe tutmasına imkan yaradır. Əgər əvvəllər Ukraynanın özünü təminetmə səviyyəsi aşağı idisə, hazırda bu göstərici xeyli yüksələrək təxminən 60 faizə çatıb.
Xüsusilə hərbi-sənaye kompleksi sürətlə inkişaf edir. Müasir texnologiyalar, o cümlədən beşinci nəsil müharibə sistemlərinə uyğun yeniliklər tətbiq olunur. Dron və antidron texnologiyalarının inkişafı Ukraynanın döyüş qabiliyyətini ciddi şəkildə artırıb və bu sahədə ölkə artıq mühüm oyunçulardan birinə çevrilib.
Son illərdə, xüsusilə beynəlxalq gərginliklərin artması fonunda Ukraynanın hərbi potensialına olan ehtiyac da yüksəlib. Körfəz ölkələri və Avropa dövlətləri Ukraynanın təcrübəsindən və texnoloji imkanlarından yararlanmağa maraq göstərirlər. ABŞ-ın yardımları müəyyən qədər azalsa da, Avropanın dəstəyi Ukraynanın mövqeyini qorumağa imkan verir.
Bütün bunlar Ukraynanın güclənməsinə və Russiya qarşısında daha effektiv müqavimət göstərməsinə şərait yaradır. Eyni zamanda, bu proses Rusiyanın zəifləməsini də sürətləndirə bilər.
Avropanın Ukraynaya dəstəyinin artmasının əsas səbəblərindən biri də öz təhlükəsizlik narahatlıqlarıdır. Avropa ölkələri anlayırlar ki, kifayət qədər güclü müdafiə imkanlarına malik deyillər və ABŞ-ın regiondan qismən geri çəkilməsi fonunda Ukraynanı dəstəkləmək onlar üçün strateji əhəmiyyət daşıyır.
Bu səbəbdən Ukraynanın hərbi və iqtisadi potensialının gələcəkdə daha da artacağı gözlənilir. Baxmayaraq ki, Rusiyanın resursları hələ də kifayət qədər böyükdür, mövcud şərtlər daxilində Ukrayna üzərindən həyata keçirmək istədiyi planları tam reallaşdırması getdikcə daha çətin görünür.
Aytən Yaşar/ Turkustan.az