Qrip və digər virus infeksiyaları əksər hallarda mövsümi və keçici xəstəliklər kimi qəbul olunsa da, mütəxəssislər onların orqanizmə təsirinin düşündüyümüzdən daha ciddi sayıldığını bildirirlər. Xüsusilə, immun sisteminin zəifləməsi fonunda bu cür infeksiyaların uzunmüddətli fəsadlara yol aça biləcəyi qeyd olunur.
Bəs, qrip kimi viruslar gələcəkdə xərçəng riskini artıra bilərmi?
Bu barədə KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, insan orqanizmində xərçəng hüceyrələri müəyyən səviyyədə daim mövcuddur və immun sistemi onları nəzarətdə saxlayır. Lakin immunitet zəiflədikdə bu hüceyrələrin aktivləşməsi və inkişafı üçün şərait yarana bilər:

“Əgər immun sistemi zəifləyərsə, təbiidir ki, xərçəng hüceyrələri də digərləri kimi inkişaf edə bilər. Orqanizm zəiflədiyi anda bəzi xərçəng hüceyrələri aktivləşir. Bu da xəstəliyin inkişafına gətirib çıxara bilər.”
Virusların müəyyən növləri artıq elmi şəkildə bəzi xərçəng növləri ilə əlaqələndirilib. Xüsusilə, uşaqlıq boynu xərçəngi ilə əlaqəli olanlar, eləcə də qaraciyər xərçəngi ilə bağlı hepatit B və C virusları buna misaldır. Qrip virusu da ciddi fəsadlara yol aça bilən infeksiyalar sırasındadır.
Qrip çox vaxt sadə xəstəlik kimi qəbul olunur, lakin bu, düzgün yanaşma deyil. Bu virus hava-damcı yolu ilə yayılır və əsasən ağciyərləri, bronxları zədələyir. Bu cür zədələnmələr uzun müddətdə daha ciddi problemlərə gətirib çıxarır”.
Mütəxəssis vurğulayıb ki, tez-tez və ya ağır keçən infeksiyalar orqanizmdə iltihabi prosesləri artıraraq ümumi sağlamlığa mənfi təsir göstərir və bu səbəbdən qoruyucu tədbirlərin görülməsi vacibdir.
Həkim vətəndaşlara çağırış edərək bildirir ki, virus infeksiyalarına laqeyd yanaşmaq olmaz, xüsusilə immunitetin gücləndirilməsi, vaxtında müalicə və profilaktik tədbirlər gələcəkdə daha ağır xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.