Son günlər paytaxt və regionlarda küləkli, eləcə də yağıntılı, soyuq hava şəraiti müşahidə olunur. Belə ki, respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü yekunlaşıb və aprelin 15-dən etibarən yaşayış binalarında və sosial obyektlərdə istilik təchizatı dayandırılıb.
Maraqlıdır, hazırda müşahidə olunan soyuq hava şəraiti fonunda istiliyin yenidən verilməsi nəzərdə tutulurmu?
Modern.azbu barədə məlumat əldə etmək üçün “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq qurumdan verilən məlumatda qeyd olunub ki, istilik mövsümünün başlanması 5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na uyğun olaraq həyata keçirilir.
"Bildiririk ki, qeyd olunan qaydalara əsasən, respublika ərazisində dağlıq və dağətəyi rayonlar istisna olmaqla, istilik mövsümü hər il aprelin 15-də başa çatır. Təcrübədə kəskin soyuq və şaxtalı hava şəraiti müşahidə olunduğu hallarda mövsümün qısa müddətə uzadılması halları da qeydə alınıb. Məsələn, ötən il istilik mövsümü bir neçə gün uzadılıb".
Bildirilib ki, hazırda müşahidə olunan hava şəraiti kəskin soyuq və şaxtalı xarakter daşımadığından, cari ildə istilik mövsümü müəyyən edilmiş qaydalara uyğun olaraq aprelin 15-də yekunlaşdırılıb:
"Bu çərçivədə bütün sosial və təsərrüfat obyektlərinə, eləcə də əhali istehlakçı qrupuna istiliyin verilməsi vahid qaydalar əsasında həyata keçirilib. Vətəndaşların müraciəti əsasında lokal şəkildə istiliyin bərpasının mümkünlüyü ilə bağlı qeyd edirik ki, hazırda - aprelin 29-u tarixində istilik mövsümü artıq başa çatıb və bu istiqamətdə idarəyə hər hansı müraciət daxil olmayıb. Həmçinin mövsümün uzadılması və ya vaxtından əvvəl başlanması ilə bağlı da müraciətlər qeydə alınmayıb.
Bir daha vurğulayırıq ki, yalnız kəskin soyuq və şaxtalı hava şəraiti müşahidə edildiyi hallarda istilik mövsümünün uzadılması və ya daha erkən başlanması məsələsinə baxıla bilər", - deyə rəsmi məlumatda vurğulanıb.
Məlumat üçün qeyd edək ki, istilik mövsümünün başlanması 15 noyabr tarixinə təsadüf edir. Dağlıq və dağətəyi rayonlarda - Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa və Yardımlı rayonlarında isə istiliyin verilməsi daha erkən başlayır və daha gec yekunlaşır.