Misir ordusunun Sina yarımadasında, İsrail sərhədindən cəmi 100 metr aralıda planlaşdırdığı canlı atəşli hərbi təlim həm mülki şəxsləri, həm də İsraildəki təhlükəsizlik dairələrini narahat edib.
Turkustan.az xəbər verir, təlimin iki ölkə arasında 1979-cu il sülh müqaviləsi çərçivəsində əlaqələndirildiyi bildirilsə də, sərhəd yaxınlığında yaşayan sakinlər narahatlıqlarını ifadə edirlər.
İsrail mediası xəbər verir ki, bəzi vətəndaşlar bu hərbi fəaliyyəti 7 oktyabr 2023-cü il HƏMAS-ın İsrailə hücumu ərəfəsində baş verən hadisələrlə müqayisə edirlər.
Sərhədə yaxın ərazidə planlaşdırılan artilleriya atəşi və bombardman İsrail siyasətçilərinin də tənqidinə səbəb olub. Baş nazir Benyamin Netanyahu nun rəhbərlik etdiyi Likud Partiyasının üzvü Amit Halevi Misir ordusunun fəaliyyətini sərt tənqid edib.
Halevi təlimlərin yaşayış məntəqələrinə bu qədər yaxın keçirilməsinə etiraz edərək vəziyyəti daha geniş və narahatedici prosesin bir hissəsi kimi qiymətləndirib. O, həmçinin Misirin sülh müqaviləsini sistemli şəkildə pozduğunu iddia edərək Sinayda hərbi infrastrukturun genişlənməsinin İsrail üçün potensial təhlükə yaratdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az