Ruhun ilahi səsi və ya Mübariz Qaragözlü poeziyasında haqq, zaman və İnsan dərdi


Qalib Rəhimli:

Söz ta qədimdən insanın ən qədim sığınacağı, ən etibarlı həmdəmi, ən ağır yükü olub. Tarixin bütün mərhələlərində söz yalnız ünsiyyət vasitəsi kimi deyil, həm də düşüncənin, inancın və mənəviyyatın daşıyıcısı kimi çıxış etmişdir. Poeziya isə sözün zirvəsi, onun ilahi qatıdır. Burada fikir hissə çevrilir, hiss isə hikmətə. Əslində şair söz yazmır, əsl şair sözü yaşayır, onu ruhundan keçirir, qəlbinin odunda bişirir və yalnız bundan sonra oxucuya təqdim edir. Bu mənada poeziya sadəcə ədəbiyyat hadisəsi deyil, həm də mənəvi hadisədir — insanın özünü dərk etməsi, özünə qayıdışı, bəzən isə özündən ucalmasıdır. Ədəbiyyat tariximiz sübut edir ki, zaman-zaman sözün yükünü daşıyan, onu ucadan-ucaya aparan sənətkarlar olmuşdur. Bu sənətkarlar sözə sadəcə forma verməmiş, ona ruh, nəfəs və istiqamət bəxş etmişlər. Müasir poeziyamızda bu xətti özünəməxsus şəkildə davam etdirən söz adamlarından biri də Mübariz Qaragözlüdür. Onun yaradıcılığına nəzər saldıqda aydın görünür ki, burada söz sadəcə ifadə vasitəsi deyil. Söz onun yaradıcılığında düşünən, duyan, çağıran və oyadan canlı bir varlıqdır. Qaragözlü poeziyası oxucunu müşahidəçi mövqeyində saxlamır; onu bu söz aləminin iştirakçısına çevirir, daxili aləminə enməyə vadar edir.

Mən Mübariz Qaragözlünün yaradıcılığını ardıcıl izləyirəm, oxuyuram. Hər şeirində yeni nəfəs, yeni abu-hava, yeni duyğu, yeni dünyadı bu dili şirin, özü də, sözü də samballı kişi. Ötənlərdə onun Rafayıl İncəyurdun 70 illiyinə yazdığı təbrikin içində, ustada həsr etdiyi şeirini oxudum. Oxudum deyəndə, sadəcə oxuyub keçmədim, şeiri ciyərlərimə çəkdim, könlümə yazdım. Bəri başdan deyim ki, şier dünyamı silkələdi, ruhumu oynatdı. Məni dünənimə qaytardı, sabahımı düşünməyə vadar etdi. İlahi duyğularla dolu, əslində ilahilikdən yoğrulan və doğulan Mübariz istedadının gücü ilə onun saf ruhundan süzülən bu şeir təpədən dırnağa haqq idi. İnsanın sonunun dərkindən doğan nəsihət, halallığa çağırış, böyük Yaradana ehtiramın ən uca zirvəsi, onun kəramətinin aliliyi kimi yazıldı könlümə. Bir xeyli donub qaldım. İlahi bu nə idi? Bu bəstəboy, yumruq boyda ürəyində bir dünya sevda yaşadan insanın baxışı nə qədər sadə, həm də dolğun və məntiqli idi. “Yüz kərə var ol, Mübariz!” - dedim. Kövrəldim. Gözlərim dolub boşaldı. Yaşadıqlarımda günahlarımı axtardım, onlardan qurtulmağın, bəlkə də onları yumağın yollarını gəzdim. Yəni, Mübariz bu şeiri ilə məni bu hisslərə dönməyə məcbur etdi. Səmimi deyəcəm. Bir Rafayılın ilahi ucalıqda, ilahiliklə qol-boyun şeirləri, bir də Mübarizin bu şeiri bir ömür yaddaşımın ən təmiz yerində qalacaq.

Sadə bir "köhnə kişi"sən,

Gəzsən Allahdan aşağı.

Yoldasan Göylərə doğru,

İzsən, Allahdan aşağı.

İzaha ehtiyac varmı? Məncə yox. Hər şey apaydın və güzgü kimidir. Köhnə kişi sən gəz Allahdan aşağı. Göylərə doğru yolda olsan da izsən Allahdan aşağı.. Olduqca duyğulu, həm də ağıllı yanaşmadı.

Dilin, ləhcən bal dadında,

Dadın dadmışın yadında.

Könlün günəşin odunda,

Közsən, Allahdan aşağı.

Hikmətdi hər kəlmə, xəzinədi, poeziya dünyamızın həmişə yaşayacaq nümunəsidi.

Suçsuz, günahsız yananda,

Külsən günahın yanında!

Haqqsan Allahın yanında,

Düzsən, Allahdan aşağı.

Allahım, bu istedadı qoru, ona hiyan dur, bədxahlardan qoru. Tarixən istedadı olanların bədxahları, yoluna daş dığırlayanları da çox olur. Klasiklərimizdən üzü bu günə kimi bu bəla qalır və deyərdim ki, belə də davam edəcək. Sənə sığınan, sənin qüdrətini ucada tutan bu şair balanı hifz elə, dualarımızı eşıt, böyük Yaradan!

Biz getsək göylərə sarı,

Biz oluruq göylərin varı!

Ruhsan bizlərdən yuxarı,

Bizsən, Allahdan aşağı!

Burda isə istedadın gücü böyük bir fəlsəfəni çox aydın şəkildə ruha hopdurur. Əslində Rafayıl İncəyurdun özü də nurdu başadan-ayağa. Böyük söz adamıdı. Həqiqi mənada insandı. Zərgər dəqiqliyi ilə yanaşır hər sözünə, hər şeirinə, çevrəsində olan insanlara. Bu cür yazılıb bu böyük şair Mübarizin könül dünyasına. Elə buna görə də şeir son dərəcə müdrik alınıb və ilahilik zirvəsini fəth edib. Şairin Rafayıl İncəyurda həsr etdiyi şeiri onun yaradıcılığın zirvələrindən biri kimi yadda qalır. Burada ilahilik anlayışı nə uzaq, nə də əlçatmazdır. O, insanın öz mənəviyyatında, öz halallığında, öz sadəliyində təcəssüm edir

Mübariz Qaragözlü poeziyası ilə tanışlıq bir şairi oxumaq deyil, bir ruh halına daxil olmaqdır. Onun şeirləri sətirlərdən ibarət deyil — onlar insanın iç dünyasında baş verən səssiz təlatümlərin, vicdan sarsıntılarının, ilahi axtarışların poetik ifadəsidir. Bu yaradıcılıqda söz sadədir, amma mənası dərindir, ifadələr təvazökardır, həm də yükü ağırdır. Qaragözlü poeziyasında dilin şirinliyi və obrazların təbiiliyi xüsusi yer tutur. Onun söz dünyasında hər ifadəsi xalq ruhundan süzülərək gəlir. Şairin şeirlərində zaman və ömür mövzusu xüsusi həssaslıqla işlənir. “Yaşı da ötürdüm, getdi...” şeirində həyatın keçiciliyi sadə, lakin sarsıdıcı bir ahənglə təqdim olunur:

Deyimmi-yaza çıxmışam,

Qışı da ötürdüm, getdi!?

Deyimmi--yağ-bal üstündən

Aşı da ötürdüm, getdi!?

Burada ömür bir yol kimi deyil, bir dad kimi yaşanır və itirilir. Hər “ötürdüm, getdi” ifadəsi insanın geriyə baxışındakı təəssüfü, gecikmiş anlayışı simvolizə edir.

“Ömür noğul dadındaymış...” şeirində isə insanın həyatla münasibəti nağıl və gerçəklik arasında qurulur. Şair burada insanın özünü dərk etmə prosesini sual formasında təqdim edir. “Sən neçənci yuxudasan?” deyə soruşaraq onu oyatmağa çalışır.

Sevgi mövzusunda yazdığı şeirlərdə Mübariz Qaragözlü hissləri idealizə etmir, əksinə, onları həyatın reallığı ilə üz-üzə qoyur:

Sevdalının istəyi gül,

Vəfası arı kimidi.

Tale var əlvan görünür,

Ruhunda sarı kimidi...

Bu misralarda zahiri gözəlliklə daxili ağrı arasında incə bir kontrast yaradılır. Sevgi burada həm şəfa, həm də sınaqdır.

“Bir səs çatmaz səsdəsən...” və “Bu sevdanı alqışlayam...” kimi şeirlərdə isə şair daha çox daxili çağırış, həsrət və ruhun yanğısını ifadə edir. Onun poetik “mən”i bəzən axtaran, bəzən itirən, bəzən də dua edən bir obraz kimi çıxış edir. “Könül, ruhuna bal qat...” şeirində isə şair insanı saflaşmağa, gözəlliyi görməyə çağırır:

Könül, ruhuna bal qat,

bal olanın xətrinə.

Qönçədəki eşqi gör,

gül olanın xətrinə.

Bu, həm nəsihət, həm də poetik dua təsiri bağışlayır.

“Dünya, dərdin nə boydadı?” şeirində isə artıq fəlsəfi ağırlıq artır. Şair burada insanın dünya qarşısındakı acizliyini, itkilərini və daxili sarsıntılarını etiraf edir. Bu şeir bir növ daxili monoloq, özünlə üzləşmə məqamıdır. Və nəhayət, şairin şair taleyinə baxışı onun yaradıcılığının ümumi fəlsəfəsini tamamlayır:

Əzəlindən belə gəlib onunku,

Dərdlərin ağırı şairə düşür!

Çəkir ömrü boyu səssiz-səmirsiz,

Çiyinin yağırı şairə düşür!

Bu misralar şairin missiyasını müəyyən edir. Yəni şair, cəmiyyətin ağrısını daşıyan, onu sözə çevirən, səssizlərin səsini ifadə edən bir ruh sahibidir.

Mübariz Qaragözlünün poeziyası oxucunu sadəcə düşündürmür — onu dəyişir. Bu şeirlərdə insan özünü tapır, itirir, yenidən qurur. Burada söz həm güzgüdür, həm də yol. Bu poeziya bizə bir həqiqəti xatırladır. İnsan nə qədər ucalmaq istəsə də, onun həqiqi böyüklüyü öz kiçikliyini dərk etdiyi andan başlayır. Və bəlkə də elə buna görə ən böyük sözlər səssiz deyilən dualarda, ən böyük poeziya isə insanın öz ruhuna qayıdışında yaşayır.

Sonda onu da deməliyəm ki, Mübariz Qaragözlü poeziyası müasir Azərbaycan söz məkanında özünəməxsus yerə malik olan, həm milli ruhu, həm də ümumbəşəri dəyərləri özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir. Onun şeirlərində klassik poeziyanın hikməti ilə müasir insanın daxili təlatümləri qovuşur, keçmişin mənəvi dayaqları ilə bugünün sualları arasında canlı bir körpü yaranır. Bu poeziya oxucunu təkcə estetik zövqlə təmin etmir, onu düşünməyə, hesabat verməyə, öz varlığının mahiyyətini anlamağa səsləyir. Qaragözlü sözə məsuliyyətlə yanaşan, onu ucuzlaşdırmayan, əksinə, hər misrada onun dəyərini qoruyan şairdir. Onun yaradıcılığı sübut edir ki, poeziya hələ də insan ruhunun ən güclü ifadə vasitəsidir və söz hələ də insanı dəyişmək, saflaşdırmaq gücünə malikdir. Bu baxımdan onun şeirləri yalnız bu günün deyil, sabahın da yaddaşına yazılacaq mənəvi sərvətdir. Belə poeziya zamanın sınağından qorxmur. Çünki o, zamana deyil, əbədiyyətə yazılır. Belə söz unudulmur. Çünki o, kağızda yox, insanın ruhunda yaşayır. Və belə şairlər hər oxunduqca yenidən doğulur, hər duyulduqca bir az daha ucalır, bir az da ilahiləşir…


MANŞET XƏBƏRLƏRİ