ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynadakı müharibəyə müdaxilə etməməli və Kiyevə milyardlarla dollar vəsait xərcləməməli idi.
Turkustan.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Jurnalistlərlə söhbəti zamanı Tramp ABŞ-nin əvvəlki siyasətini sərt tənqid edib. Onun sözlərinə görə, ölkə Ukraynaya yüz milyardlarla dollar ayırsa da, bunun müqabilində heç bir fayda əldə etməyib.
“Biz milyardlarla dollar xərcləyirik. Açığı, Ukraynaya qarışmalı deyildik. Bu ölkə bizdən minlərlə kilometr uzaqdadır… Əvvəlki prezident 350 milyard dollar verdi, əvəzində heç nə almadı”, – deyə o bildirib.
Tramp əlavə edib ki, ABŞ-nin silah ehtiyatlarının böyük hissəsi Ukraynaya göndərilib və bu da ölkəni sursat istehsalını artırmağa məcbur edib. O vurğulayıb ki, hazırkı administrasiya bu yanaşmanı dəyişib və artıq silah tədarükü kommersiya əsasında həyata keçirilir.
“Mən onlara sursat satıram. Bunun pulunu isə Avropa İttifaqı ödəyir”, – deyə Tramp qeyd edib./Gununsesi.info