Cənubi Koreya nüvə silahı hazırladığına dair iddiaları rədd etdi


Cənubi Koreyanın xarici işlər naziri Cho Hyun ölkəsinin nüvə silahı hazırlamaq niyyətində olduğuna dair iddiaları rədd edərək, Seulun nüvə silahsızlanması və yayılmaması öhdəliyinə sadiq qaldığını bir daha vurğulayıb.

Turkustan.az xəbər verir ki, Ço Asiya-Sakit Okean Liderlik Şəbəkəsi üçün yazdığı məqalədə Cənubi Koreyanın nüvə siyasəti ilə bağlı təşəbbüslərinə aydınlıq gətirib. O bildirib ki, bu təşəbbüslərə nüvə yanacaq dövriyyəsinin modernləşdirilməsi və ənənəvi silahlarla təchiz olunmuş, nüvə enerjisi ilə işləyən sualtı qayıqların hazırlanması daxildir. Nazir əlavə edib ki, bütün bu fəaliyyətlər Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində və Beynəlxalq Atom Enerjisi Agentliyi nəzarəti altında şəffaf şəkildə həyata keçirilir.

Ço ölkəsinin nüvə silahı əldə etmək planının olmadığını xüsusi vurğulayıb. O qeyd edib ki, təkcə nüvə silahı bir ölkənin təhlükəsizliyini təmin edə bilməz və buna misal olaraq Şimali Koreyanı göstərib.

Nazir həmçinin bölgədə nüvə silahlanma yarışının başlanmasının təhlükəsizliyi artırmaq əvəzinə, əksinə, qeyri-sabitliyi daha da dərinləşdirəcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə Şimali Koreyanın nüvə proqramının hələ də ciddi təhdid yaratdığı bir dövrdə belə bir addım strateji baxımdan yanlış olardı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ