Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Kremldə keçirdiyi görüşdə bildirib ki, o, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı şikayətlərindən xəbərdardır, ancaq Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır. Putin ilk dəfə deyil ki, Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanımasını qəribə hal kimi dəyərləndirir.
Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Həqiqətən Nikol Paşinyan Avropa Siyasi Birliyinin Praqada 2022-ci ilin oktyabr ayında keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Paşinyanın bu qərarı Putində az qala şok effekti yaratmışdı. Putin sonrakı açıqlamalarında ona işarə edirdi ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətinə son qoydu. Putin hətta açıqlamalarının birində söyləmişdi ki, Rusiya uzun illər Qarabağda “referendum” keçirilməsi təklifini dəstəkləyib. Putin bununla demək istəyib ki, Paşinyan Kremlin Qarabağla bağlı planlarını pozdu. Belə çıxır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin rusiyalı hərbçiləri Qarabağdan çıxarmayacaqdı. Halbuki rəsmi Bakı sülhməramların 5 ildən çox bölgədə qalmasına razı deyildi.
Rusiya prezidenti Paşinyanla görüşdə ona bir neçə mesajını da çatdırıb. Birincisi, Putin deyib ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa Birliyinin üzvü ola bilməz, Paşinyan ikisindən birini seçməlidir. Putin AB standartlarının Avrasiya İqtisadi İttifaqı standarlarından fərqli olduğunu Paşinyana xatırladıb.
İkincisi, Putin ABŞ Prezidenti Donald Trampın İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirakını qeyd edib. O, bunun yaxşı və ya pis olmasını söyləməyib, sadəcə deyib ki, Trampın çalışmalarından xəbərdardır.
Üçüncüsü, Putin Ermənistanda parlament seçkisi öncəsi siyasi partiyalar arasında mübarizəni diqqətlə izlədiyini vurğulayıb. Rusiya prezidenti deyib ki, gərgin mübarizə iki ölkə arasında münasibətlərə mənfi təsir etməməlidir. Bu sözlər də Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır. Çünki məhz Paşinyan və onun nazirləri çıxışlarında radikal müxalifətin Rusiyaya ilə bağlılıqlarına işarə edirlər.
Paşinyan geri qayıtdıqdan sonra Putinlə görüşün müsbət nəticələrindən danışacaq. Halbuki Putinin Paşinyanla görüşündə səsləndirdiyi fikirlər Kreml sahibinin Ermənistanın baş nazirinə isti münasibətinə dəlalət etmir. Misal üçün Putin Rusiyada yaşayan 2 milyon erməninin Ermənistanda səsvermə hüququna malik olmasını istəyib. Paşinyan bunun mümkün olmadığını deyib. Putin Rusiyada yaşayan ermənilərin Paşinyanın partiyasına səs verməyəcəyinə görə belə bir təkliflə çıxış edib. Putinin Ermənistanda parlament seçkisi öncəsində dostu və Paşinyanın rəqibi eks-prezident Robert Köçəryanı da Moskvaya dəvəti istisna deyil”, - politoloq bildirib. /axar.az/