İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun Baku TV-yə müsahibəsi maraqla qarşılanıb. Səfir İranın hazırda qonşuları ilə münasibətinin gərgin olmasının səbəblərindən danışarkən bildirib ki, bir ölkə hücuma məruz qalanda mütləq özünü müdafiə etməlidir.
Dəmirçilu İranın zərbələrinin yalnız müdafiə xarakteri daşıdığını, başqa dövlətlərin milli suverenliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlmədiyini söyləyib. Onun sözlərinə görə, xarici hücumlar dayandırılacağı halda, İran da zərbələrini bitirəcək.
Maraqlıdır ki, Naxçıvan da daxil olmaqla Azərbaycan ərazisində heç bir xarici ölkənin hərbi bazası yoxdur. Lakin İran hazırkı müharibədə rol oynamayan Naxçıvanı birbaşa hədəf alıb.
Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli qeyd edib ki, səfirin dediyi kimi, bir ölkə hücuma məruz qalanda onun özünü müdafiə etmək hüququ var:
“Doğrudur, İrana hansısa ölkədə yerləşən ABŞ hərbi bazasından zərbələrin endirilməsi mümkündür. Bu halda İranın həmin məntəqələrə zərbə endirməsi müəyyən mənada izah oluna bilər. Lakin nə Azərbaycanda, nə də zərbə endirildiyi bildirilən Naxçıvanda hər hansı xarici ölkənin hərbi bazası mövcuddur.
Digər tərəfdən, Azərbaycan öz ərazisindən başqa dövlətlərə qarşı hərbi məqsədlərlə istifadə olunmasına heç vaxt icazə vermir. Əksinə, son hadisələrdə İrana başsağlığı verən və həmrəylik nümayiş etdirən ölkələrdən biri olub. Rəsmi Bakı heç bir halda İran daxil olmaqla hansısa ölkənin ərazisinə zərbə vurulmasını dəstəkləməyib.
Prezident İlham Əliyevin İran səfirliyinə gələrək anım tədbirində iştirak etməsi də Azərbaycanın həm bu ölkədə baş verən proseslərə, həm də sonrakı addımlara münasibətdə rəsmi mövqeyini göstərirdi.
İran səfirinin yanaşması isə diplomatik üslubda yayınma və müəyyən mənada ittiham xarakteri daşıyır. Səfirin, “Əgər İrana qarşı bu hücum baş verməsəydi, təbii ki, müdafiə məqsədilə cavab zərbələri endirilməzdi” fikri faktiki olaraq Tehranın atdığı addımları dolayısı ilə əsaslandırdığını göstərir.
Tehran özünü haqlı göstərməyə çalışır. Bu isə iki ölkə arasında yaranmış gərginliyin asanlıqla aradan qalxmayacağını mənasına gəlir. Rəsmi Bakının mövqeyi isə açıqdır: İran tərəfi məsələ ilə bağlı üzr istəməli və aydın mövqe ortaya qoymalıdır. Əks təqdirdə, proses daha da dərinləşə bilər”.