ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, ABŞ NATO-dan çıxmağı ciddi şəkildə düşünür, çünki müttəfiqlərin dəstək səviyyəsindən narazıdır və transatlantik əməkdaşlığın bərabər paylanmadığını hesab edir.
Trampın bu bəyanatı beynəlxalq ictimaiyyətdə böyük diqqət çəkib.
Onun açıqlamasına həm NATO, həm də Avropa İttifaqı rəsmi şəkildə reaksiya verib. NATO vurğulayıb ki, ABŞ-ın ittifaqda olması təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir. Aİ isə qeyd edib ki, “biz birlikdə daha güclüyük” və transatlantik əməkdaşlığın gücləndirilməsi təhlükəsizlik üçün vacibdir.
Maraqlıdır görəsən, ABŞ-ın NATO-dan çıxması nə dərəcədə mümkündür və belə bir addım atılarsa,bunun qlobal siyasətə hansı təsirləri ola bilər? Turkustan.az bu sualı politoloq Züriyə Qarayevaya ünvanladı.

Züriyə Qarayeva
Bu məsələnin hüquqi tərəfi xüsusilə vacibdir, çünki ABŞ-ın NATO-dan çıxması yalnız icra hakimiyyətinin iradəsi ilə reallaşa biləcək addım deyil. Belə bir qərar ciddi şəkildə qanunverici orqanın—yəni ABŞ Konqresi—razılığını tələb edir. Mövcud siyasi konfiqurasiyaya baxdıqda isə Konqres daxilində formalaşmış çoxluğun NATO-dan çıxışı dəstəkləmək niyyətində olmadığı açıq görünür.
Əksinə, həm demokratlar, həm də respublikaçıların əhəmiyyətli hissəsi alyansı ABŞ-ın milli təhlükəsizlik strategiyasının ayrılmaz elementi kimi qiymətləndirir. Bu baxımdan, ABŞ-ın NATO-dan çıxması ilə bağlı hər hansı təşəbbüs yalnız siyasi deyil, həm də institusional baryerlərlə üzləşir. Konqresin razılığı olmadan belə bir qərarın həyata keçirilməsi hüquqi baxımdan ciddi mübahisələr doğurar və böyük ehtimalla bloklanar.
Nəticə etibarilə, hazırkı şəraitdə ABŞ-ın NATO-dan çıxması ideyası daha çox siyasi ritorika səviyyəsində qalır, real siyasət müstəvisində isə onun həyata keçirilməsi üçün zəruri siyasi konsensus formalaşmayıb.
Aytən Yaşar/ Turkustan.az