Kamil Şahverdi
Rəşid Behbudov Fondunun direktoru
(əvvəli BU LİNKDƏ)
Məmmədov Aydın Mirsaleh oğlu-Azərbaycan Yazıçılar İttifaqı yanında respublika bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin müavini
Məmmədova Fəridə Cəfər qızı-Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi, Azərbaycanın əməkdar elm xadimi
Nəbiyev Bəkir Əhməd oğlu-ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyası ədəbiyyat, dil və incəsənət şöbəsinin akademik katibi
Polad Bülbül oğlu-Azərbaycan Respublikasının mədəniyyət naziri
Rzayev Anar Rəsul oğlu-Azərbaycan Yazıçılar İttifaqının birinci katibi
Rüstəmxanlı Sabir Xudu oğlu-"Azərbaycan" qəzetinin baş redaktoru
Talıbzadə Kamal Abdulla Şaiq oğlu-ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının akademiki
Xəlilov Fərhad Qurban oğlu-Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi
Cabir Novruz-şair, "Ədəbiyyat" qəzetinin baş redaktoru.
Dövlət Himninin ən yaxşı mətni üçün və Dövlət Qerbinin ən yaxşı eskizi üçün müsabiyəyə təqdim olunacaq işlərin komissiyaya 1991-ci il mayın 25-dək verilməsi nəzərdə tutulmuşdu.
Azərbaycan Respublikası Ali Soveti Dövlət Himninin mətni üçün elan etdiyi müsabiqə cəmiyyətdə birmənalı qarşılanmadı. Ali Sovet 1945-ci ildə qəbul olunmuş himnin musiqisini saxlayıb sözlərini dəyişmək qərarını qəbul etmişdi. Bir çox şairlərimiz həvəslə himn üçün yazdıqları mətnləri komissiyaya təqdim edirdi. Deyilənə görə təqdim olunan mətnlərin sayı onlarla idi. Amma Ali Sovetin yaratdığı komissiya bu mətnlərin heç birini qənaətbəxş hesab etmirdi. Komissiyanın hər iclası ciddi mübahisələr yaradırdı. Uzun uzadı müzakirələr heç bir nəticə vermirdi.
Əslində Ali Sovetin, hakimiyyətin mövqeyi məlum idi. Azərbaycan sovet himninin musiqisi saxlanılır, mətn kimi isə Səməd Vurğunun "Azərbaycan" şeiri istifadə olunur. Daha doğrusu "Azərbaycan" şeiri musiqiyə uyğunlaşdırılır. Kommisiya bu təklifi Ali Sovetin müzakirəsinə təqdim etməli, Ali Sovet də Üzeyir Hacıbəylinin 1945-ci ildə yazdığı Azərbaycan sovet himninin musiqisini və Səməd Vurğunun "Azərbaycan" şeirindən bəzi hissələri Dövlət Himni kimi təsdiq edəcəkdi. Bununla da himn məsələsi həll olunacaqdı. Komissiya formal olaraq şairlərdən himn üçün yeni mətn toplayırdı. Çoxu elə düşünür ki, bu təklif komissiyanın apardığı müzakitələr zamanı yaranıb. Əslində isə belə deyil. Hələ komissiya yaranmamışdan Ali Sovetdə bu məsələ müzakirə olunmuşdu. 1991-ci il mayın 28-ə qədər himn məsələsi öz həllini tapmalı idi. Bu məsələyə kabinetlərdə çoxdan qərar verilmişdi. Yalnız rəsmiləşdirmək qalmışdı. Ona görə də komissiyanın tərkibinə yalnız bir bəstəkar daxil edilmişdi. Bu da Tofiq Quliyev idi. Daha doğrusu Tofiq Quliyevə Üzeyir Hacıbəylinin 1945-ci ildə yazdığı Azərbaycan sovet himnini yenidən redaktə etmək tapşırılmışdı. Komissiya müzakirələrə başlayanda vəziyyət dəyişdi. Bəzi şairlər Ali Sovetin Dövlət Himninin ən yaxşı mətni üçün elan etdiyi müsabiqədə ciddi cəhdlə iştirak etməyi nəzərdə tuturdular. Ona görə də komissiyaya xeyli sayda himn mətni təqdim olunmuşdu.
Cəmiyyətdə buna ciddi narazılıq yaranmışdı. İçtimaiyyət nümayəndələri "Azərbaycan Marşı"nın himn kimi qəbul olunmasını tələb edirdi. Üç rəngli bayrağımız Dövlət bayrağı statusunu alandan sonra "Azərbaycan Marşı"nın da Dövlət himni kimi qəbul edilməsi çağırışları hər gün daha çox və daha ucadan səslənirdi. Komissiya üzvləri "Azərbaycan Marşı"nın ADR dövründə himn kimi təsdiq olunması haqqında heç bir sənədin olmadığı üçün bu əsəri müzakirəyə çıxartmağa əsas olmadığını bildirirdilər. 7 noyabr 1919-cu ildə bayrağın rəsmən təsdiq olunması tarixi sənədlərlə sübut olunduğuna görə heç bir sual yaranmamışdı. Himn məsələsində isə vəziyyət fərqli idi. Üstəlik mətbuatda da himnlə bağlı bir birinə zidd məlumatlar dərc olunurdu. Bu əsərin əleyhinə olanların əsas arqumentlərindən biri də o idi ki, Üzeyir bəy guya bunu hərbi marş kimi yazıb.
Gərgin müzakirələrin və içtimaiyyətin təzyiqləri nəticəsində komissiya iki variantı müzakirəyə çıxarmağa ümumi razılığa gəlir.
Birinci variant Azərbaycan sovet himninin saxlanması və yeni mətn yazılması, ikinci variant isə "Azərbaycan Marşı"nı müzakirəyə çıxarmaq nəzərdə tutulurdu.
Tanınmış şair Vaqif Bayatlı Səməd Vurğunun "Azərbaycan" şeirinin himnin mətni kimi qəbul olunmasına mətbuatda kəskin etiraz etdi. Vaqif Bayatlının mövqeyini dəstəkləyənlərin sayı həddən artiq çox idi.
Belə olan halda bəzi bəstəkarlar da müsabiqədə iştirak etmək istədiklərini komissiya üzvlərinə çatdırırdılar. Əslində isə bu komissiya himnin musiqini müzakirə etmək üçün deyil, mətn seçmək üçün yaradılmışdı.
Belə vəziyyətdə Vaqif və Yusif Səmədoğulları atalarının Azərbaycan şeirinin himn mətni kimi müzakirə olunmasına qarşı çıxdılar. Ona görə də komissiya şairlərdən himn üçün mətnləri qəbul etməyə yenidən davam etdi.
Komissiyanın sədri Fazil Muradəliyev yaradıcı ziyalılarla görüşlər keçirərkən məlum olur ki, Ali Sovetin himnin yeni mətni haqqında verdiyi qərar cəmiyyət, ziyalılar tərəfindən birmənalı qarşılanmır. Xalq isə ilk gündən "Azərbaycan Marşı"nı qeyri rəsmi himn kimi qəbul etmişdi və bu əsər hər yerdə səsləndirilirdi. Bunu nəzərə almamaq qeyri-mümkün idi.
Fazil Muradəliyev bəstəkarlarla növbəti dəfə görüşmək qərarına gəlir. Komissiyanın daha bir neçə üzvünün də iştirak etdiyi bu görüş "Azərbaycan Marşı" nın himn kimi qəbul olunmasına ciddi zəmin yaratdı. Demək olar ki, o dövrdə bütün bəstəkarların iştirak etdiyi müzakirə Azərbaycan Teleradio komitəsinin səsyazma evində keçirilirdi. Həmin müzakirələr zamanı Bəstəkarlar İttifaqının birinci katibi Tofiq Quliyev Üzeyir Hacıbəylinin 1945-ci ildə bəstələdiyi Azərbaycan sovet himnindən söhbət açdı və sonra Üzeyir bəyin "Azərbaycan Marşı"nın himn üçün yaramadığını isbat etməyə çalışdı. Əsas kimi də bunun marş olduğunu göstərirdi.
Əslində Üzeyir bəyin yazdığı Azərbaycan sovet himni həqiqətən də çox gözəl və möhtəşəm əsərdir. Kuplet nəqarət formasında yazılmış təntənəli mahnıdır. Amma himn deyil. 1943-cü ildə SSRİ himni qəbul edildikdən sonra İttifaq respublikalarında da forma etibarı ilə bənzər himnlər yazıldı. 1943-cü ilə qədər SSRİ himni "İnternasional" sayılırdı. "İnternasional" 1871-ci ildə Fransada Paris kommunasının şərəfinə yazılmış əsərdir. Sözləri Ejen Potyeyə, musiqisi Pyer Deqeyterə məxsusdur. 1943-cü ildə SSRİ himni üçün müsabiqə elan olundu və sözləri Sergey Mixalkova və Reqistana, musiqisi A. Aleksandrova məxsus olan əsər himn kimi qəbul edildi. Bu əsər kuplet nəqarət formasında yazılmış təntənəli mahnıdır. Daha sonra ittifaq respunlikalarında buna bənzər təntənəli mahnılar-himnlər yazıldı. Bəstəkarlarla görüş-müzakirədə daha sonra Vasif Adıgözəlov danışdı. O da çıxışına onunla başladı ki, "Azərbaycan Marşı"nı Üzeyir bəy himn kimi yazmayıb. Bu əsər marşdır. Vasif Adıgözəlov təklif etdi ki, Dövlət Himni kimi Üzeyir Hacıbəylinin "Koroğlu" operasında And xorunu qəbul etmək daha məqsədə uyğun olar. Vasif Adıgözəlov artıq əsər üzərində çalışdığını bildirdi.
Bundan sonra tanınmış bəstəkar Musa Mirzəyevə söz verildi. O da özündən əvvəl çıxış edənlər kimi "Azərbaycan Marşı"nın himn üçün yaramadığını əsaslandırmağa çalışdı. Onun da əsas arqumenti bu əsərin marş olması idi. Musa Mirzəyev Üzeyir bəyin "Ey Vətən" xorunu himn kimi müzakirə etməyi təklif etdi. O da qeyd etdi ki, "Ey Vətən" xorunu himm kimi hazırlayır.
Sonda tanınmış bəstəkar Aydın K. Azimə söz verildi. Aydın müəllim lap qədimdən başlayaraq himn anlayışı haqqında geniş məlumat verdi və Üzeyir bəyin "Azərbaycan Marşı"nı himn kimi yazıldığını izah etdi. Bu məqamda məşhur bəstəkar Xəyyam Mirzəzadə ayağa qalxaraq ucadan söylədi ki, "Azərbaycan marşı" hərbi marşdır, himn deyil. İclasda iştirak edənlərin əksəriyyəti Xəyyam Mirzəzadəni dəstəkləyirdi. Belə olduqda Aydın K. Azim Xəyyam Mirzəzadəyə müraciətlə: "Azərbaycan Marşı"nı versinlər, siz də bu musiqinin sədası ilə əsgəri addımlarla yürüyün və bizə göstərin bunun marş olmasını" . Xəyyam Mirzəzadə Aydın müəllimin bu sözlərindən bərk əsəbləşdi və yerindən qalxaraq qapıya doğru addımladı. Deyinə-deyinə qapını möhkəm çırparaq müzakirəni tərk etdi.
Mən səsyazma evinin baş mühəndisi Salavat Axundzadə ilə rejissor otağından, şüşə divardan hadisələri izləyirdim. Eyni zamanda biz orda baş verənləri lentə yazırdıq. Bunu kimsə bilmirdi. Tarix üçün yazıb saxlamaq istəyirdik.
Xəyyam Mirzəzadə qapını çırpıb gedəndən sonra Fazil Muradəliyev yaranmış gərgin vəziyyətdən çıxmaq üçün müzakirənin başqa gün davam etdirmək təklifi ilə iclasa son qoydu. Hamı dağılışdı. Dəhlizdə Fazil Muradəliyev Aydın K. Azimin qoluna girərək kənara çəkdi və dedi: "Aydın müəllim, neçə aydır mən himn məsələsi ilə məşğul oluram, amma bu gün himnin nə olduğunu başa düşdüm. Ətraflı izahat və məlumata görə təşəkkür edirəm".
Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 28 mart tarixli qərarı ilə "Azərbaycan Respublikasının Dövlət Himninin ən yaxşı mətni üçün" elan olunmuş müsabiqəyə həmin il mayın 25-də yekun vurulmalı idi. Yəni Azərbaycan SSR Himninin musiqisi saxlanmaqla, müsabiqəyə təqdim olunmuş ən yaxşı mətn seçilməli idi. Mətn seçiləndən sonra komissiya bu məsələni Ali Sovetin müzakirəsinə çıxarmalı idi. 1991-ci il mayın 28-də Azərbaycan sovet himninin yeni mətni qəbul edilməli idi.
Komissiyanın gərgin işinə, demək olar ki, həftədə bir neçə dəfə yığışıb apardığı müzakirələrə, diskusiyalara, ziyalılarla, şair və bəstəkarlarla görüşlərə baxmayaraq yekdil rəyə gəlmək mümkün olmurdu. 1991-ci il may ayının 25-nə qədər komissiya işini yekunlaşdıra bilmədi. Qərara alındı ki, müzakirələr davam etdirilsin.
Ölkədə içtimai siyasi vəziyyət həddindən artıq həssas bir durumda idi. Ona görə də komissiya tələsik qərar verməkdən çəkinirdi. Vəziyyət elə həddə idi ki, ən xırda qığılcım belə böyük, qarşısıalınmaz alova çevrilə bilərdi. Hakimiyyət və siyasi fəallar arasında gərgin mübahisələr gedirdi. Ölkənin taleyi həll olunurdu. Azərbaycan addım-addım müstəqilliyinə doğru addımlayırdı.
1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında" Bəyənnamə qəbul olundu. Bəyənnamədə Azərbaycan Rrspublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunmuşdu.