Dost idi, doğma idi, NİCAT İDİ...


Bəzən bir adamın bu dünyadan çıxıb getməsi ölüm ola bilmir. O, dünyadan köçəndə, onunla birlikdə dostların səsi dəyişir. Sanki bir dövrün rəngi solur.

Dostumuz Nicatın vaxtsız gedişi kimi...

Onun yoxluğu ailəsi, yaxınları, həmkarları, dostları üçün çox ağır itkidir. Nicatsızlıq bir yaddaşın içində yaranan boşluqdur. Bu, elə bir boşluqdur ki, ilk anda sükut kimi görünür. Zaman keçdikcə, ağrılar dözülməz olur.

İnsan müasirlərini, yol yoldaşlarını, dostlarını itirdikcə, dünya ona əvvəlki kimi görünmür. Sənə elə gəlir ki, küçələr uzanır, söhbətlər qısalır, səslər azalır. Nəfəs daralır, həyat bir qədər rəngsizləşir. Dünya əvvəlki dadını itirir. Dünya bir az qaralır...

Dost insanın özünün də bilmədiyi bir tərəfidir. Dost güc, arxa, insanı sözsüz anlayan, ona səssiz dayaq olan bir varlıqdır.

Nicat da bizim üçün elə idi.

Bizi bir araya gətirən Parlament Jurnalistləri Birliyi (PJB) olmuşdu. O birlik bir amalın, ruhun adamlarını yaxınlaşdıran mənəvi məkan idi.

Parlament Jurnalistləri Birliyi yarananda biz sanki başqa bir dünyanın içində idik. Hamımız gənc, alovlu idik. İçimizdə romantika, peşəyə sevgi vardı. Sözün gücünə çox güvənirdik, elə bilirdik ki, jurnalist qələmi ilə dünyanı dəyişmək mümkündür.

O illər indi uzaq görünsə də, yaddaşımızda hələ də işıqlı illər kimi qalır. Nicat da işıq kimi görünür o illərin içində...

Birliyi yaratdıq, ardından birlik bizi bir komandaya çevirdi. Daha sonra anladıq ki, biz bir ailəyik. Dövlətçi düşüncəli jurnalistlərin mənəvi ailəsi...

Sevincimiz də, dərdimiz də ortaq idi.

Azərbaycan jurnalistika tarixində Parlament Jurnalistləri Birliyinin xüsusi yeri də məhz buradan gəlir. Bu birlik yalnız peşəkar fəaliyyətin çərçivəsində qalmadı. Burada vətənpərvərlik, jurnalist həmrəyliyi, peşəkarlıq, jurnalistlərin peşədən kənar insani münasibətləri də vardı. Biz bir-birimizin tək yazısını yox, halını da bilirdik.

Bizim o böyük komandamızın yaddaşında nə qədər ad var. Nicat var idi, Aygün, Dünya, Fərəh, Xaqani, Firudin, Elnur, İlham, Mais, Yadigar var, Alim, Aqil, Kamil, Faiq var və sonra bizə qoşulan 100-ə yaxın jurnalist dostumuz var. Bu adların hər biri bir xatirədir.


Nicatın duzlu, məzəli söhbətləri vardı. O, məclisə gələndə otağın havası dəyişirdi. Onu sevdirən mərdliyi, dürüstlüyü, istiqanlılığı, dostluq etmək bacarığı idi. O, dostluğu yaşayırdı və buna görə Nicat hər kəsə doğma idi.

Həyat amansızdır. Sıralarımız seyrəlir. Bir vaxt bir yerdə dayandığın adamlar çıxıb bu dünyadan gedir. Bir vaxt səsi gələn insanların indi adı gəlir. Bir vaxt çiyninə əl qoyan dostun indi xatirəsinə sığınırsan. Bu, bizim nəsil üçün yad ağrı deyil. Məhərrəm Kəlbəcərdə şəhid oldu. Zülfüqar Kəlbəcərdə dünyasını dəyişdi. O, sağ ikən də Kəlbəcər dərdi ilə yaşayan, o nisgili içində daşıyan adamlardan idi. İndi də Nicat getdi. Sıralarımızdan daha bir nəfər ayrıldı.

Nicat uzun zaman idi ki, amansız xərçənglə mübarizə aparırdı. Ağır, çətin mübarizə idi. Ciddi dəstəyə ehtiyacı vardı. Bunu görürdük, hiss edirdik. Amma Nicat dərdini ictimailəşdirməyə razı olmadı. Yardım üçün qapı döyməyi qəbul etmədi. “Nə olar, olar”, dedi. Bu sadə görünən sözün içində böyük bir qürur, xarakter vardı. Hətta məsələ Mətbuat Şurası İdarə Heyətinin toplantısında qaldırıldı. Qərara alındı ki, ailəsi haqqında reportaj hazırlansın, bəlkə bununla ona dəstək olmaq mümkün olar. Amma o buna da razılıq vermədi. Hiss olunurdu ki, onun üçün qürur hər şeydən öndədir. O, ağrısını nümayiş etdirmək, çətinliyini ictimai mərhəmət mövzusuna çevirmək istəmirdi. Ağrı onu sındıra, dərd onu özündən ayıra bilmədi.


Nicat doğrudan da bir başqa dünya idi. Duzlu-məzəli söhbətləri yada düşəndə adamın üzünə acı bir təbəssüm gəlir. Nicatın yoxluğu yalnız bu dünyadın çıxıb getdiyi gün hiss olunmur. İndi yeri daha çox görünür.

İnsan ömrü ilə yanaşı, qoyduğu izlə yaşayır. Nicatın izi dostlarının qəlbində, Parlament Jurnalistləri Birliyinin tarixində, Azərbaycan jurnalistikasının yaddaşında qaldı. O, həm gülüşlə, həm də kövrəkliklə xatırlanacaq. Onun adı çəkiləndə həm təbəssüm olacaq, həm gözlər dolacaq.

Biz Nicat ünvanlı bir dostu itirdik. O, yaddaşımızda mərdliyin, dostluğun, səmimiyyətin, qürurun və insanlığın siması kimi qalacaq.

Bəzən bir adamın bu dünyadan çıxıb getməsinə ölüm deyə bilmirsən. Çünki o adamın ölümü bir ömrün sonu olmur. Əgər arxasında belə xatirə, belə hörmət, belə sevgi qalırsa, deməli o, yaşayır.

Əziz Nicat, sən də bizim içimizdə, sözümüzdə, xatirəmizdə hər zaman yaşayacaqsan.


MANŞET XƏBƏRLƏRİ