Kamil Şahverdi
Rəşid Behbudov Fondunun direktoru
(əvvəli BU LİNKDƏ)
Vaqif Səmədoğlu da bu prosesdə bizimlə birlikdə iştirak edirdi.
Əsəri ifa edib lentə aldıq. Hamı çox böyük həvəslə çalışırdı. Mən bu işdə iştirak edən hər kəsin neçə qürur duyduğunu heç vaxt unutmaram. Musiqiçilərin, xor ifaçılarının gözlərində qəribə parıltı, işıq var idi.
Himnin mətnində belə bir sətr var idi:
"Sənə hər dəm can qurban"
Mən "dəm" sözünü "an" sözü ilə əvəz etdim
Çünki xor oxuyanda "hər dəm" "hərdən" kimi anlaşıla bilərdi deyə bu dəyişikliyi etdim. Nəhayət bütün işləri yekunlaşdırdıq.
Lent yazısını Yusif Səmədoğluna təqdim edəndə bir neçə dəfə birlikdə dinlədik. Vaqif Səmədoğlu da bizimlə birlikdə idi. Hamımızın gözləri yaşarmışdı. Fərəh hissindən ruhumuz göylərdə uçurdu. Yusif də, Vaqif də məni qucaqlayıb təşəkkür etdilər.
1989-cu il noyabrın 17-də Dirçəliş Gününün ildömümü ilə əlaqədar Azadlıq meydanında miting keçirilirdi. Vaqif Səmədoğlu Himni orda elan etdi və ilk dəfə səsləndirdi. On minlərlə insan Üzeyir bəyin bu əsərini böyük coşqu ilə dinlədi..."
Əsir düşmüş "Azərbaycan marşı" azadlığa qovuşdu.
"Azərbaycan Marşı" Azadlıq meydanında ilk dəfə səslənəndən sonra sürətlə bütün ölkəyə yayıldı. Dünyanın bir çox radiostansiyaları "Azərbaycan Marşı"nı dönə-dönə səsləndirdi. Ölkədə elə bir tədbir, yığıncaq, toplantı yox idi ki, orada "Azərbaycan Marşı" səslənməsin. Hamı əsəri bir birindən alıb kassetlərə köçürürdü. Xalqımız sanki 70 il idi bu günü gözləyirdi. "Azərbaycan Marşı" hər bir vətəndaşın ruhuna, qəlbinə sığındı. Əsir düşmüş "Azərbaycan Marşı" azadlığa qovuşdu. Mühacir həyatına son qoyuldu. Xalqımız qürurla, fərəhlə, həyəcanla, ən doğma musiqi əsərini dinkəməkdən doymurdu sanki.
"Azərbaycan Marşı" hər bir azərbaycanlıya ana laylası kimi əziz və doğma idi. Qısa bir zamanda əsər millətin yaddaşına əbədi həkk olundu. Onu əzbərdən bilməyən adam tapmaq çətin idi. Bir mənalı şəkildə ölkə əhalisinin əksər çoxluğu Üzeyir bəyin "Azərbaycan Marşı"nı Himnimiz kimi qəbul edirdi.
Hələ rəsmi status almazdan qabaq bu əsər hər yerdə fərəhlə səsləndirilirdi. Bütün bunlara baxmayaraq bəziləri iddia edirdilər ki, Üzeyir bəy himn kimi "Azərbaycan Marşı" nı deyil, "Milli Marş"ı qələmə alıb. Bir qism insanlar isə bu marşların heç birinin himn olmadığı qənaətini irəli sürüdülər. Onlar bildirirdilər ki, himn kimi tamamilə başqa bir əsər yazılıb. Bu iddialar cəmiyyətə ötürülür bə geniş mübahisələr və müzakirələr yaradırdı. Artıq bu mövzu ətrafında mübahisələr mətbuata da yol tapır. "Ədəbiyyat və İncəsənət" qəzetinin 20 aprel 1990-cı il nömrəsində M. Ə. Rəsulzadənin "Böyük kompozitor Hacıbəyli Üzeyir" məqaləsini dərc etdirən Möhsün Əliyev məqaləyə yazdığı ön sözdə marşlar haqqında qeyd edir ki, "Azərbaycan Milli Marşı"nın sözləri Əhməd Cavada, "Azərbaycan Marşı"nın sözləri isə Cəmo Cəbrayılbəyliyə aiddir. Bu marşlardan əlavə Üzeyir bəy ADR-in Dövlət Himnini də bəstələmiş, onun da sözləri Əlabbas Müznibə məxsusdur. Bu fikrini Möhsün Əliyev başqa qəzetlərdə də dərc etdirir.
Amma ADR-in Dövlət Himni kimi Üzeyir bəy tərəfindən yazılmış və sözləri Əlabbas Müznibə məxsus olan əsəri öz təsdiqini tapmadı. İki marşdan əlavə, həmin dövrdə Üzeyir bəyin ayrıca Himn yazması bir müddət müzakirə olunsa da qısa zamandan sonra informasiya məkanından çəkildi. Artıq mübahisələr "Milli Marş" və ya "Azərbaycan Marşı" ətrafında cərəyan edirdi. Möhsün Əliyev fədakar tarixçi idi. Hələ sovet dönəmində ADR dövrünü araşdıran tək-tük insanlardan idi. Lakin ADR Himni haqqında məlumatı hardan alması məlum deyil. Sovetlər dövründə ADR-ə aid bütün sənədlər qapalı arxivlərdə qorunurdu. Bu arxivlərdəki sənədlərlə tanış olmaq mümkün deyildi. Bu gün artıq tam dəqiqliyi ilə məlumdur ki, Üzeyir bəy "Milli Marş" və Azərbaycan Marşı"ndan başqa ADR Himni kimi başqa əsər yazmayıb. Möhsün Əliyevin bu haqda yazıları ajiotaj yaratsa da, sübut, dəlil tapılmadı.
Mübahisələr indi də hər iki marşın sözlərinin kimə məxsus olması ətrafına cərəyan edirdi.
"Kommunist" qəzetinin 1991-ci il 20 yanvar nömrəsində bəstəkar Aydın K. Azimin (o vaxtlar Aydın Əzimov kimi qeyd olunurdu) himn haqqında geniş müsahibəsi dərc olundu. Bu müsahibədə sözlərin kimə məxsus olması haqqında suala Aydın K. Azim "hər iki marşın sözlərinin Əhməd Cavada məxsus olduğunu təxminən güman etmək olar" cavabını vermişdi. Əslində Aydın müəllim öz işini böyük ustalıqla, yüksək peşəkarlıqla görmüşdü.
"Azərbaycan Marşı"nı xalqımıza qaytarmaqla tarixi hadisəyə imza atmışdı. Söz müəllifinin kimliyini araşdırmaq, müəyyən etmək ədəbiyyatçıların işi idi.
Üzeyir Hacıbəyli ev muzeyinin direktoru Ramazan Xəlilov hər iki marşın sözlərinin Üzeyir bəyə məxsus olduğunu deyirdi. Onu da dönə-dönə təkrar edirdi ki, Üzeyir bəy Cümhuriyyət Himni kimi "Milli Marşı" yazıb. Mən o dövrdə bir neçə dəfə özüm bunu Ramazan Xəlilovdan eşitmişdim. Hətta deyirdi ki, bu marşların əlyazmaları onda var və tezliklə onları çap edəcək.
"Mədəniyyət" qəzetinin 7 mart 1991-ci il nömrəsində Üzeyir Hacıbəyli ev muzeyinin elmi əməkdaşı, bəstəkar Sərdar Fərəcov "Milli Marşı"ın əl yazmasını çap etdirdi. Üzeyir bəyin əlyazması üzə çıxdı və sübut olundu ki, "Milli Marşı"n musiqisi və sözləri Üzeyir bəyin özünə aiddir. Həmin vaxtlar mən özüm də "Mədəniyyət" qəzetində çalışırdım. O günləri çox yaxşı xatırlayıram. Həmin məqaləni dostum Sərdar Fərəcov çap etdirmək üçün mənə təqdim etmişdi. Ramazan Xəlilovun xasiyyətinə bələd olduğumuz üçün düşünürdük ki, "Azərbaycan Marşı"nın da əlyazması tezliklə üzə çıxar. Çünki Ramazan Xəlilov belə məlumatları "qram-qram" üzə çıxarırdı.
Amma əfsuslar olsun ki, bu baş vermədi. "Azərbaycan Marşı"nın əlyazması tapılmadı.
"Azərbaycan marşı" ilə müstəqilliyə doğru!
Azərbaycan müstəqilliyinə doğru addım addım irəliləyirdi. 1990-cı il qanlı 20 yanvar hadisələrindən sonra xalqımız sovet imperiyasıdan qoparaq müstəqilliyini elan edəcəyinə tam əmin idi. Artıq heç kimin buna şübhəsi yox idi. Hələ müstəqillik elan olunmamışdan əvvəl, 5 fevral 1991-ci ildə üçrəngli bayrağımız Dövlət bayrağı statusunu aldı. Azərbaycan Respublikası Ali Soveti bu haqda qərar qəbul etdi.
Dövlət Himni və Dövlət Qerbi haqqında da müzakirələr aparılırdı. Rəsmi qurumlar Azərbaycan sovet himninin musiqisinin saxlanması, sözlərinin dəyişdirilməsi istiqamətində çalışırdılar. Bu musiqinin də müəllifi Üzeyir bəy olması faktı onlarda əminlik yaratmışdı ki, təkliflərini keçirə biləcəklər. Cəmiyyətdə isə əsas üstünlük "Azərbaycan Marşı"na verilirdi. Bu əsər artıq qeyri rəsmi himn funksiyasınl yerinə yetirirdi. "Azərbaycan Marşı" xalqımızın ruhuna elə hopmuşdu ki, başqa bir əsərin himn kimi qəbul esiləcəyini təsəvvür etmək belə çətin idi. Bəziləri isə Üzeyir bəyin "Milli Marş"ı himn kimi yazdığı fikrini irəli sürür və bunu sübut etməyə çalışırdılar. Tarixçi Möhsün Əliyev isə müxtəlif mətbu orqanlarında "Azərbaycan Milli Marşı" və "Azərbaycan Marşı"dan başqa Üzeyir bəy Əlabbas Müznibin sözlərinə ADR himni üçün ayrıca əsər yazdığını bildirirdi. Lakin bu faktın haradan qaynaqlandığını göstərmirdi. Ona görə də yazdıqları ciddi qəbul olunmurdu. Möhsün Əliyev "Azərbaycan Milli Marşı"nın sözlərinin Əhməd Cavada, "Azərbaycan Marşı"nın sözlərinin isə Cəmo Cəbrayılbəyliyə aid olduğunu və bunların hərbi marş olduğu qənaətində idi. Üzeyir Hacıbəyli ev muzeyinin elmi əməkdaşı, bəstəkar Sərdar Fərəcov 7 mart 1991-cı il nömrəsində "Mədəniyyət" qəzetində "Milli Marşı"n Üzeyir bəyə aid olan əlyazmasını dərc etdirdi. Üzeyir bəy öz xətti ilə rus dilində:«сл. и муз. У. б. Гаджибекова» (söz və musiqi Ü. b. Hacıbəyovundur) yazmışdı. Bu danılmaz fakdan sonra mübahisələr bir qədər səngisə də əsas mücadilə hələ qarşıda idi.
Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti 28 mart 1991-ci il tarixində Dövlət Himni və Dövlət Qerbi haqqında qərar qəbul etdi. Ali Sovetin Sədri Elmira Qafarovanın imzaladığı qərarla "Azərbaycan Respublikasının Dövlət Himninin ən yaxşı mətni və Azərbaycan Respublikasının Dövlət Qerbinin ən yaxşı esgizləri üçün müsabiqə elan olunması haqqında" aşağıdakı tərkibdə komissiya yaradıldı.
Muradəliyev Fazıl Qulam oğlu-Azərbaycan Respublikası Ali Sovetinin Mədəniyyəy və dini əqidə məsələləri daimi komissiyasımın sədri (sədr)
Bünyadov Ziya Musa oğlu-Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycanın əməkdar elm xadimi
Vahabzadə Bəxtiyar Mahmud oğlu-Azərbaycanın xalq şairi
Qasımzadə Fuad Feyzulla oğlu-M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycan Respublikası Prezidentinin müşaviri, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü
Quliyev Tofiq Ələkbər oğlu-Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi, Axərbaycanın xalq artisti
Əbdürrəhmanov Nadir Qəmbər oğlu-Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin üzvü, Azərbaycanın xalq rəssamı
Əzizov Arif Möhübəli oğlu-rəssam, Azərbaycan LKGİ mükafatı laureatı
Kazımzadə Kazım Məmmədəli oğlu-R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, Azərbaycanın xalq rəssamı
(ardı var)