Rusiya nəşri yazır ki, əgər amerikalılar Yaxın Şərqdə məğlub olub bölgədən geri çəkilsələr, TRIPP layihəsinin həyata keçirilməsində də daha maraqlı olmayacaq
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi İranda baş verən hadisələr səbəbindən gecikə bilər. O, keçirdiyi son brifinqdə bildirib ki, hazırda TRIPP ABŞ administrasiyasının prioritetləri sırasında deyil. Musavat.com xəbər verir ki, bu barədə “Moskovskiy komsomelts” nəşri yazır.
“Ermənistanın Sünik vilayəti ərazisindən keçəcək və Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometrlik nəqliyyat dəhlizi barədə razılaşma 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün yekununda əldə olunmuşdu. Bu razılaşma ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana son səfəri zamanı da təsdiqlənib. Tərəflər artıq layihənin praktiki həyata keçirilməsinə başlamış və tikintinin bu il başlanması planlaşdırılmışdı. Lakin müharibə bütün planları dəyişə bilər” deyə, məqalədə bildirilir.

Məqalədə bildirilir ki, Ermənistan faktiki olaraq öz suveren ərazisinin bir hissəsini 99 illik müddətə ABŞ-a icarəyə verib. “Tramp marşrutu”nu TRIPP Development şirkəti idarə edəcək və onun 74 faizi ABŞ-a məxsus olacaq. 49 ildən sonra müqavilə daha 50 il uzadılacaq, Ermənistanın payı 49 faizə çatacaq, lakin nəzarət paketi (51 faiz) yenə də amerikalılarda qalacaq:”TRIPP layihəsi Rusiyanı və İranı kənardan keçməklə Avropanı Çin və Mərkəzi Asiya ilə birləşdirən alternativ nəqliyyat dəhlizi olacaq. ABŞ isə bunun sayəsində İran sərhədinə birbaşa çıxış əldə edəcək. Beləliklə, Rusiya ətrafında “qeyri-dost dövlətlərdən ibarət halqa” daha da möhkəmlənəcək”.
“Bəs İranda baş verən müharibə bu planları puça çıxara bilərmi” sualı barədə nəşrə politoloq Andranik Miqranyan danışıb. Onun fikrincə, hər şey İrana qarşı aparılan müharibə və Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq. Ekspert hesab edir ki, əgər amerikalılar Yaxın Şərqdə məğlub olub bölgədən geri çəkilsələr (bəzi ekspertlərin fikrincə, bu mümkündür), onda onlar TRIPP layihəsinin həyata keçirilməsində əvvəlki qədər maraqlı olmayacaqlar. Onun sözlərinə görə, bəzi amerikalı ermənilər Ermənistanın seçki kampaniyası çərçivəsində ictimaiyyəti inandırmağa çalışırlar ki, Vaşinqton razılaşmaları guya regionu ermənilər üçün daha təhlükəsiz və sabit edib. Lakin ekspert hesab edir ki, bu, reallığı əks etdirmir.

Miqranyanın fikrincə, Ermənistanla ABŞ arasında guya yaranmış strateji tərəfdaşlıq haqqında deyilənlərin ciddi əsası yoxdur. Amerikalılar Ermənistan qarşısında heç bir konkret öhdəlik götürməyiblər və bunlar razılaşmalarda da göstərilməyib. ABŞ öz müttəfiqlərinə çox vaxt vassal və ya asılı tərəf kimi yanaşır, buna görə də bərabərhüquqlu münasibətlərdən danışmaq çətindir.
Ekspert əlavə edir ki, layihədə payların 74 faizinin amerikalılara məxsus olması bunu açıq şəkildə göstərir. Onun sözlərinə görə, əgər Ermənistanda parlament seçkilərində müxalifət qalib gəlsə, Paşinyanın imzaladığı bir çox razılaşma yenidən nəzərdən keçirilə bilər.
“Bundan başqa, İran bu layihəyə çox mənfi yanaşır. Layihə regiondakı digər Amerika obyektləri kimi İran üçün potensial hərbi hədəfə çevrilə bilər. Belə bir təhlükə mövcud olduğu halda layihəni həyata keçirmək çox çətindir. İran artıq göstərib ki, Yaxın Şərqdə amerikalıların tikdiyi obyektləri bombardman etməyə hazırdır. Buna görə də regionda müharibə başa çatmayana, yeni güc balansı formalaşmayana və Ermənistanda seçkilərin nəticələri məlum olmayana qədər TRIPP layihəsinin gələcəyi qeyri-müəyyən olaraq qalır” deyə, məqalədə bildirilir.