Çin və Şimali Koreya arasında 2020-ci ildə dayandırılmış sərnişin qatarı reysləri yenidən bərpa olunub.
Turkustan.az xəbər verir ki, Xinhua agentliyinin məlumatına görə, Çinin paytaxtı Pekindən yola düşən qatar dünən axşam saatlarında Dandonq şəhərindən keçərək Şimali Koreyanın paytaxtı Pxenyana çatıb.
Çin dəmir yolu şirkəti bu həftənin əvvəlində açıqlama yayaraq bildirib ki, COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə dayandırılan sərnişin qatarı xidmətləri yenidən bərpa edilir.
Açıqlamaya əsasən, qatar reysləri həftədə dörd gün – bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Qatar yerli vaxtla saat 17:26-da Pekindən yola düşəcək və ertəsi gün saat 18:00 radələrində Pxenyana çatacaq.
Qeyd olunub ki, hazırda qatar xidmətlərindən əsasən diplomatlar və rəsmi şəxslər istifadə edə bilirlər. Lakin gələcəkdə yerlər boşaldığı təqdirdə biletlərin adi sərnişinlərə də satılması mümkün olacaq.
Bildirilir ki, Çin və Şimali Koreyanın bu addımı davam edən qlobal gərginlik fonunda siyasi mesaj kimi də qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az