11 mart 2026-cı il görüşü Azərbaycan–Avropa İttifaqı (Aİ) münasibətlərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Aİ ilə siyasi dialoq və praktiki əməkdaşlıq təhlükəsizlik, enerji və nəqliyyat sahələrində dərinləşir. Bu, Azərbaycanın Cənubi Qafqazda regional oyunçu və eyni zamanda Aİ üçün Qara Dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülh və dayanıqlı inkişaf təşviqatçısı kimi rolunu gücləndirir. Görüş həmçinin Avropa İttifaqının Azərbaycana geosiyasi marağını və sabitlik istəklərini göstərir.
Prezidentlər birgə bəyanat zamanı münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquq prinsipləri əsasında qurulduğunu bir daha təsdiqləyiblər. Bu, Azərbaycanın post-münaqişə siyasətinin, xüsusilə Ermənistanla sülh və regionun bərpası proseslərinin legitimliyini beynəlxalq müstəvidə dəstəkləyir. Yeni əhatəli ikitərəfli saziş üzrə danışıqlar və yenilənmiş Tərəfdaşlıq Prioritetləri Aİ ilə münasibətlərin hüquqi və institusional çərçivəsini möhkəmləndirir, əməkdaşlığı daha dayanıqlı edir.
Görüşdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası və mina ilə çirklənmə kimi problemlərin həlli də vurğulanıb. Avropa İttifaqının humanitar mina təmizləmə sahəsində lider donor rolunun önə çıxarılması, regionda sülh və təhlükəsizliyin qorunmasına beynəlxalq dəstəyin vacibliyini göstərir.
“Azerbaijan 2030” proqramı isə ölkəni dayanıqlı post-münaqişə inkişafı nümunəsi kimi təqdim edir, ticarət, nəqliyyat, sərmayə və təmiz enerji sahələrində əməkdaşlıq imkanlarını açır.
Prezidentlər Azərbaycanın regional nəqliyyat və ticarət dəhlizlərində, xüsusilə Orta Dəhliz vasitəsilə rolunu vurğulayıblar. Naxçıvan dəmiryolunun müasirləşdirilməsi və TRIPP layihəsinin icrasına Aİ dəstəyi bir daha vurğulanıb. Avropa İttifaqının qiymətləndirməsi deyir ki, Zəngəzurdan keçəcək dəmir yolu xətti Bakı-Tbilisi-Qars xəttindən ən azı 25% daha sürətli olacaq. Burada həmçinin karqonun fasiləsiz keçidinin təmin olunması üçün rəqəmsal sistemlər, bir-pəncərə prinsipi ilə fəaliyyət göstərəcək.
Enerji əməkdaşlığı uzunmüddətli və strateji sahə kimi qeyd olunub: Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır, o cümlədən Cənub Qaz Dəhlizi, bərpa olunan enerji və qarşılıqlı elektrik bağlantıları layihələrində.
Görüşdə Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ev sahibliyi vurğulanıb. Bu, Aİ ilə dayanıqlı şəhər inkişafı, iqlim və innovasiya sahələrində əməkdaşlığı genişləndirmək üçün fürsət kimi qeyd olunub. Rəqəmsal transformasiya və süni intellekt məsələləri müzakirə olunaraq, Azərbaycanın innovasiya və rəqəmsal inkişaf potensialı ön plana çıxarılıb.
Görüşdə mütəşəkkil cinayətkarlıq, terror, ekstremizm, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq vurğulanıb. Eyni zamanda, Viza Sadələşdirilməsi, təhsil, mədəniyyət və gənclər sahəsində əlaqələrin gücləndirilməsi sosial və mədəni diplomatiyanın vacibliyini göstərir. Prezidentlər həmçinin İran və Ukraynadakı son geosiyasi hadisələri müzakirə ediblər. Bu, Azərbaycanın Aİ üçün regional dialoq və geosiyasi partneri kimi əhəmiyyətini göstərir.
Beləliklə, Aİ Azərbaycana strateji tərəfdaş kimi uzunmüddətli investisiya və dəstək verməyə hazır olduğunu ifadə edib.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva