Son illər iqlim fəsillərin hava şəraitlərində dəyişiklik hiss olunur. Bu kontektsdə hazırda ölkəmizdə yay fəsli olmasına baxmayaraq, hələ də yaya məxsus hava müşahidə olunmur.
Ümumiyyətlə, yağışlı, tutqun hava şəraitinin kənd təsərrüfatına hansı təsirləri var? Kənd təsərrüfatı məhsullarının qiymətində artım olacaqmı?
Bakıvaxtı.az-ın bu suallarını cavablandıran kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, yay fəslində uzunmüddətli yağışlı və tutqun hava kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərə bilər:
"Torpaqda rütubətin çox olması bəzi bitkilərin, xüsusilə tərəvəz və yem bitkilərinin inkişafını sürətləndirə bilər. Suvarma ehtiyacı azalır və bu, müəyyən sahələrdə xərclərin bir qədər aşağı düşməsinə səbəb olur. Lakin davamlı yağış və günəşin az olması bir sıra risklər də yaradır. Günəş işığının çatışmazlığı bitkilərin yetişmə prosesini ləngidir, məhsuldarlığı azalda bilər və məhsulun keyfiyyətinə təsir göstərə bilər”.
Akif Nəsirli: Hava şəraiti məhsuldarlığı aşağı salarsa, bazarda qiymətlərin yüksəlməsi mümkündür
Müsahibimiz qeyd edib ki, eyni zamanda, rütubətin yüksək olması xəstəliklərin və zərərvericilərin yayılmasını asanlaşdırır, bu da əlavə dərmanlama və xərclər deməkdir. Bəzi sahələrdə məhsul yığımının gecikməsi də bazara çıxışda fasilələr yarada bilər.
Bu vəziyyətin kənd təsərrüfatı məhsullarının qiymətinə təsirinə toxunan Akif Nəsirli hesab edir ki, belə hava şəraiti qısamüddətli dövrdə bəzi məhsullarda təklifin azalmasına görə qiymət təzyiqi yarada bilər.
Xüsusilə tez xarab olan tərəvəz və meyvələrdə hava şəraiti məhsuldarlığı aşağı salarsa, bazarda qiymətlərin bir qədər yüksəlməsi mümkündür:
“Lakin bu artımın miqyası təkcə hava ilə yox, həm də ümumi məhsul bolluğu, idxal imkanları və bazar tələbi ilə müəyyən olunur. Yəni yağışlı yayın ümumilikdə kənd təsərrüfatı məshullarının qiymətlərinə təsiri birbaşa yox, daha çox dolayısı ilə və digər iqtisadi faktorlarla birlikdə özünü göstərir".