İlham Əliyevdən Türkmənistanla əməkdaşlığın perspektivləri ilə bağlı AÇIQLAMA


“Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir”.

Turkustan.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla birgə mətbuata bəyanatında qeyd edib.

“Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil.

Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik.

Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.

Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik. Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim.

Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam.

Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir.

Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik”, - deyə Dövlətimizin başçısı əlavə edib.


MANŞET XƏBƏRLƏRİ