Ən uzun gün, yaxud Azərbaycanda bəyaz gecə niyə olmur?


İyunun 21-dən Azərbaycanda yay fəsli başlayıb.

Turkustan.az Yeni Sabah-a istinadən xəbər verir ki, adətən, həmin gün ilin ən uzun gündüzü hesab olunur. Oxşar deyim dekabrın 21-dən 22-nə keçən gün, yəni qış fəsli daxil olduqda da işlədilir.

Doğrudanmı gün və gecə 24 saatlıq sutkanı uzadır?

“İlin ən uzun gündüzü və ən uzun gecəsi hər il müşahidə etdiyimiz mühüm astronomik hadisələrdəndir. Yerin Günəş ətrafındakı hərəkəti zamanı fəsillərin dəyişməsini göstərən dörd əsas astronomik məqam var: yay günəş duruşu, qış günəş duruşu, yaz bərabərliyi və payız bərabərliyi”.

Bunu “Yeni Sabah”a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin elmi işçisi Aynur Abdulkərimova bildirib.

Onun sözlərinə görə, yay Günəş duruşu günü adətən iyunun 20-si və ya 21-nə təsadüf edir. Bu zaman Yerin Şimal qütbü maksimum Günəşə tərəf meylllənir və şimal yarımkürəsində astronomik yayın başlanğıcı hesab olunur:

“Planetimizin bu nöqtədən keçid anı şimal yarımkürəsində astronomik yayın başlanğıcı hesab olunur və sentyabrın 22-23-nə, yəni payız bərabərliyinə qədər davam edir. Sözügedən nöqtələrdən keçid vaxtının hər il bir neçə saat dəyişməsinin səbəbi isə Yerin öz orbiti boyu qeyri-bərabər sürətlə hərəkət etməsi və bəzi astronomik təsirlərin nəticəsidir.

Yerdə fəsillər onun fırlanma oxunun günəşin müstəvisinə meylli olması səbəbindən yaranır. Bu, oz növbəsində, gecə və gündüzün uzunluğunun ilboyu dəyişməsinə səbəb olur. Bu fərq ekvatordan qütblərə doğru getdikcə artaraq yay və qış günəşduruşu günləri 24 saata çatır. Ekvator xəttinə nəzər salsaq görərik ki, orada fəsillər, demək olar ki, hiss olunmur.

Eyni zamanda, ekvatorda gecə və gündüzün uzunluğu il boyu cəmi bir neçə dəqiqəlik fərqlə 12 saat olaraq qalır, yəni günün uzunluğunda ciddi dəyişiklik yaranmır. Lakin ekvatordan qütblərə doğru hərəkət etdikcə gecə və gündüzün uzunluğu arasındakı fərq böyüməyə başlayır və yay günəş duruşu günü Şimal qütbündə tam 24 saat gündüz olur, günəş üfüqdən aşağı düşmür. Eyni anda Cənub qütbündə isə tam əksinə, Günəş həmin gün doğmur və 24 saatlıq qütb gecəsi yaşanır”.

A. Abdulkərimova qeyd edib ki, coğrafi mövqeyimizə görə Azərbaycanda nə qütb gecələri, nə də bəyaz gecələr olur:

“Azərbaycanın yerləşdiyi coğrafi enlikdə gündüz və gecənin uzunluğu təxminən 15 saatdan çox, 8 saatdan az olmur. Həmçinin biz coğrafi mövqeyimizə görə biz nə qütb gecələrini, nə də bəyaz gecələri yaşayırıq”.


MANŞET XƏBƏRLƏRİ