İsrail ordusu bildirib ki, cəbhə bölgəsində tətbiq olunan bütün məhdudiyyətlər sabah yerli vaxtla saat 06:00-dan etibarən ləğv ediləcək.
Turkustan.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu isə İranla bağlı açıqlamasında deyib: “Bizə deyirdilər ki, İranla toqquşmaq olmaz. Lakin biz bunu etdik. Bizdən nəyə nail olduğumuzu soruşurlar. İranın nüvə silahı əldə etməsinin qarşısını aldıq”.
İsrail Müdafiə Qüvvələrinin (İMQ) Daxili Cəbhə Komandanlığı Livan sərhədinə yaxın ərazilərdə yaşayan sakinlər üçün təhlükəsizlik məhdudiyyətlərinin aradan qaldırılacağını açıqlayıb. Qərar Hizbullah ilə qüvvədə olan kövrək atəşkəs fonunda qəbul edilib.
Məlumata görə, İsrailin şimalındakı yaşayış məntəqələrində müharibə dövründə tətbiq edilən bütün təhlükəsizlik tədbirləri sabah səhər saat 06:00-dan etibarən qüvvədən düşəcək.
İsrail mediası da qeyd edir ki, Hizbullah ötən bazar günündən etibarən İsrail ərazisinə qarşı heç bir hücum həyata keçirməyib. Bununla yanaşı, təşkilatın Livan ərazisində yerləşən və İsrail ordusuna məxsus olduğu bildirilən mövqelərə qarşı hücumlarını davam etdirdiyi vurğulanır.
Xatırladaq ki, Şimali İsraildə qüvvədə olan təhlükəsizlik tədbirlərinə əsasən, açıq havada 100-dən, qapalı məkanlarda isə 400-dən çox insanın toplaşmasına icazə verilmirdi.
Aytən Yaşar/ Turkustan.az