AMEA-da Türk dünyasının ortaq dəyərləri elmi müstəvidə müzakirə olunub


“Dilin gücü, mədəniyyətin yaddaşı: Türk dünyasında ortaq dəyərlər” mövzusunda I Beynəlxalq Elmi Simpozium keçirilib.

15 Dekabr – Dünya Türk Dili Ailəsi Günü münasibətilə “Dilin gücü, mədəniyyətin yaddaşı: Türk dünyasında ortaq dəyərlər” mövzusunda I Beynəlxalq Elmi Simpozium keçirilib. Bakı və Qars mərkəzli şəkildə təşkil olunan beynəlxalq elmi tədbir Qafqaz Universitetinin Əbu’l-Həsən Harakani Araşdırma və Tətbiq Mərkəzi, Türk Dili və Ədəbiyyatı Bölməsi (Türkiyə), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Buxara Universitetinin (Özbəkistan) birgə təşkilatçılığı ilə gerçəkləşib.

Dünya Türk Dili Ailəsi Gününə həsr olunması baxımından xüsusi elmi və tarixi əhəmiyyət daşıyan simpozium Türk xalqlarının ortaq dil, mədəniyyət və mənəvi irsinin multidisiplinar yanaşma əsasında müzakirə edildiyi nüfuzlu beynəlxalq elmi platforma kimi diqqət çəkib.

Simpoziumun açılış mərasimi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilib. Açılış mərasimində institutun direktor müavini, dosent Mehman Həsənli AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin adından iştirakçıları salamlayaraq bildirib ki, Dünya Türk Dili Ailəsi Günü UNESCO-nun Səmərqənd şəhərində keçirilən Baş Konfransında qəbul edilmiş tarixi qərar əsasında təsis olunub. O, bu günün Türk xalqlarının ortaq köklərinin və mədəni dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisi olduğunu vurğulayıb, həmçinin bu qərarın TÜRKSOY başda olmaqla türk dilli ölkələrin elmi və mədəni qurumları arasında əməkdaşlığın güclənməsinə töhfə verdiyini qeyd edib.

Açılış mərasimində, eyni zamanda, Qafqaz Universiteti Əbu’l-Həsən Harakani Araşdırma və Tətbiq Mərkəzinin direktoru, simpoziumun sədri dosent Muhamməd Alparslan Kartal, Beynəlxalq Buxara Universitetinin rektoru professor Şərif Baratov və Türkiyə Ətraf Mühit Agentliyinin sədr müavini, Uludağ Universitetinin nümayəndəsi professor Məhmət Yücə çıxış ediblər.

Tarixi əhəmiyyət daşıyan ilk simpoziumun sədri dosent Muhamməd Alparslan Kartal çıxışında bu tədbirin Dünya Türk Dili Ailəsi Gününə həsr olunmuş ilk beynəlxalq elmi simpozium olması baxımından xüsusi tarixi əhəmiyyət daşıdığını bildirib. O, UNESCO-nun 3 noyabr tarixində Səmərqənddə keçirilən Baş Konfransında 15 dekabrın “Dünya Türk Dili Ailəsi Günü” elan edilməsini Türk dünyası üçün qürurverici hadisə kimi qiymətləndirib və gələcək illərdə simpoziumun Türkiyə, Özbəkistan və digər türk dövlətlərində davamlı şəkildə keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Simpoziumda Azərbaycan, Türkiyə, Özbəkistan, Kosovo, Albaniya, İraq və Rumıniya daxil olmaqla 7 ölkədən alim və tədqiqatçıların iştirakı ilə ümumilikdə 63 elmi məruzə təqdim olunub. Yüksək akademik səviyyədə keçən tədbir çərçivəsində 9 elmi sessiya təşkil edilib.

Elmi sessiyalar aşağıdakı mövzuları əhatə edib:

• Türk coğrafiyasında ədəbiyyat və mədəniyyətdə ortaq dəyərlər

• Türk dili tarixi, söz ehtiyatı və ortaq dil araşdırmaları

• Türk dünyasında şifahi mədəniyyət və folklor

• Klassik və müasir türk ədəbiyyatı

• Tarix, kimlik və ictimai yaddaş

• Din, dəyərlər və təhsil

• Dil, mədəniyyət və media

• Müqayisəli dilçilik və ortaq söz ehtiyatı

• Türk ədəbiyyatında qədim dəyərlər

Sessiyalar zamanı Türk dünyasının ortaq mədəni dəyərləri dil, ədəbiyyat, folklor, tarix, din və ictimai yaddaş kontekstində geniş elmi müzakirələrə cəlb olunub, müasir elmi yanaşmalar və tədqiqat nəticələri təqdim edilib.

Məruzələrdə, eyni zamanda, 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin Bakıda qeyd olunacaq olması Türkologiya elminin inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirilib və bu istiqamətdə beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Simpoziumun keçirilməsinə yüksək səviyyədə dəstək göstərən AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə, eləcə də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tədbirin təşkilində yaxından iştirak edən Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri professor Tahirə Məmmədə və institutun direktor müavini dosent Mehman Həsənliyə təşəkkür ifadə olunub.

Tədbirin sonunda simpoziumda iştirak edən bütün alim və tədqiqatçılara minnətdarlıq bildirilib, Türk dünyasının ortaq elmi və mədəni irsinə xidmət edən bu cür beynəlxalq elmi tədbirlərin gələcəkdə də davamlı olması arzulanıb.

Simpoziumun sədri:

dosent Muhamməd Alparslan Kartal

Simpoziumun koordinatoru:

dosent Məleykə Məmmədova

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ