Alimlər Yer kürəsinin cazibə qüvvəsinin təsiri ilə müvəqqəti olaraq planetimizin ətrafında dövr edən kiçik asteroidi təsdiqləyiblər.
Turkustan.az xəbər verir ki, diametri təxminən iki metr olan səma cismi apreldən bəri Yer kürəsinin orbitində hərəkət edir.
“2026 QQ8” adlandırılan asteroid elmi ədəbiyyatda “mini-peyk” kimi tanınan müvəqqəti təbii peyklərdən biridir. Bu cür səma cisimləri Yer kürəsinin cazibə qüvvəsinə düşərək müəyyən müddət planetimizin ətrafında dövr edir, daha sonra isə orbitlərini tərk edirlər.
Astronomların müşahidələrinə görə, asteroid oktyabrın sonunda Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planetlər Mərkəzi tərəfindən “2026 QQ8” kimi qeydə alınıb.
Səma cisminin dekabrın əvvəlində Yer kürəsinin cazibə sahəsini tərk edərək Günəş ətrafındakı orbitinə qayıtması gözlənilir.
Aytən Yaşar/ Turkustan.az