Rusiya Almaniyanın iki bankının aktivlərinə həbs qoydu


Rusiyada məhkəmə Almaniya bankları ilə bağlı iş çərçivəsində Rusiyadakı Deutsche Bank və Commerzbank-ın aktivlərinə, hesablarına, əmlakına və səhmlərinə həbs qoyulmasına qərar verib.

Turkustan.az xəbər verir ki, məhkəmə sənədlərinə görə, bu banklar Almaniyanın Linde şirkəti tərəfindən Rusiyada qurulacaq qaz emalı zavodunun tikintisi ilə bağlı müqavilənin təminatçıları arasında olub . Qərbin sanksiyaları səbəbindən müqaviləyə xitam verildikdən sonra məsələ məhkəməyə verilib.

İddiaları layihənin operatoru olan Rusiyanın qaz nəhəngi “Qazprom”un 50 faiz səhmdarı olduğu “RusChemAlliance” şirkəti qaldırıb.

St. Sankt-Peterburq arbitraj məhkəməsi Deutsche Bank-a Rusiyadakı törəmə təşkilatının və Deutsche Bank Technology Center MMC-nin nizamnamə kapitalındakı 100 faizlik payından istifadə etməyi qadağan edib.

Məhkəmə həmçinin Deutsche Bank-ın, onun Rusiyadakı törəmə bankının və Deutsche Bank Texnologiya Mərkəzinin 238,6 milyon avroya qədər məbləğdə qiymətli kağızlarına, daşınmaz əmlakına və bank hesablarına həbs qoyulması barədə qərar çıxarıb.

Deutsche Bank artıq bu iş üçün təxminən 260 milyon avro vəsait ayırdığını bildirdi.

“Biz bu iddianın Rusiya məhkəmələri tərəfindən necə tətbiq edildiyini görməli və onun Rusiyaya dərhal əməliyyat təsirini qiymətləndirməliyik”, - bankın bəyanatında deyilir.

Məhkəmə həmçinin Commerzbank-ın 93,7 milyon avro dəyərində aktiv və qiymətli kağızlarına və bankın Moskvadakı binasına həbs qoyub.

Cümə günü Rusiya məhkəməsi paralel iş çərçivəsində İtaliyanın UniCredit-in aktivlərinə, hesablarına və əmlaklarına, həmçinin onun iki törəmə şirkətindəki səhmlərinə həbs qoyulmasına qərar verib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ