Ukrayna savaşı başa çatır? - ŞƏRH


"Bu proses hələ uzun çəkəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ukraynalı jurnalist Dmitri Qordonun iyuna qədər müharibənin gedişaatını dəyişəcək ciddi hadisələrin baş verəcəyilə bağlı proqnozunu şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın zamanlarda bitəcəyilə bağlı proqnozlara etibar etmir:

"Bu sayaq proqnozlar dəfələrlə səslənib. Gah Rusiyanın xeyrilə bitəcəyini, gah da onun məğlub olacağını deyirlər. Amma məntiq göstərir ki, heç bir tərəf müharibədə qarşıya qoyulan məqsədlərə nail olmayıb. Hətta Avropanın Ukraynaya silah göndərməsi və maliyyə dəstəyi verməsinin bərpa olunması barədə qərarlar işləməyə başladığı dövrdən sonra da bu mübarizə hələ böyük zaman aparacaq. Qarşıya qoyulan məqsədlərə heç bir tərəfin nail olmaması qarşıdakı dövrdə dağıntıların hələ ki, daha çox olacağını deməyə əsas verir".

Ekspert vurğulayıb ki, Rusiyanın məqsədi Kiyevi öz yürütdüyü siyasətdən tam döndərmək və onun böyük hissəsini zəbt etməkdən ibarət idi:

"Qərb isə Rusiyanı tam olaraq qüvvədən salmağı, onun destruktiv ölkə kimi "islah" olunmasını qarşıya qoyub. Onlar da istəklərinə nail olmayıblar. Odur ki, proses hələ uzun çəkəcək. Arada yaradılan bu cür fasilələr də daha çox Qərb ölkələrinin maraqlarına xidmət edən fasilələrdir".

Qeyd edək ki, tanınmış ukraynalı jurnalist Dmitri Qordon iyul ayına qədər Ukrayna cəbhəsində cərəyan edən müharibənin bütün gedişatını dəyişdirəcək çox ciddi hadisənin baş verəcəyini iddia edib:

"Qərb Şərqi Ukraynanın Rusiya nəzarətinə keçməsi ilə faktiki razılaşa bilər. Bugünkü statistikaya əsəsən, mərmi və sursatla bağlı Rusiya ilə 1:10 nisbətimiz var. Vəziyyət pisdir. Mübarizə aparacaq heç nəyimiz yoxdur. Sadə dillə desək, ya Qərb bizi danışıqlar masasına oturmağa sövq edir, ya da onun Rusiya ilə "qırmızı xətlər"lə bağlı hansısa anlaşması var. İnanıram ki, bu il müharibə başa çatacaq".

Qordon müharibə barədə ipucu da verib:

"Bizi qorxudurlar ki, Putin tezliklə yeni hücuma başlayacaq. Bəli, başlayacaq. Təbii ki, o, torpağın qurumasına qədər gözləyəcək. Qoşunları hazırdır və Xarkov, Slavyansk və Kramatorska hücum etmək istəyir".


MANŞET XƏBƏRLƏRİ