“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin layihəsi Laçında davam etdirilib


“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını Laçın rayonunda davam etdirib.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA) tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Bu insanlar mütləq partlayış riskləri və təhlükə hiss etdikdə hansı dövlət orqanlarına necə müraciət edəcəkləri barədə məlumatlandırılmalı, onlarda ehtiyatlı davranış vərdişləri formalaşdırılmalıdır.

Nəzərə almaq lazımdır ki, bu insanların çox böyük əksəriyyəti işğal müddətində ölkənin müxtəlif regionlarında məskunlaşdıqları yerlərdə bu təhlükə ilə rastlaşmadıqlarından ilk dəfə belə maarifləndirmə proqramlarına cəlb olunurlar.

Bu layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırılmasıdır.

Növbəti maarifləndirmə tədbiri Laçın rayonunun Bəylik kəndinə geri qayıtmış keçmiş məcburi köçkünlər üçün təşkil olunub. Tədbirdə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

Layihə rəhbəri iştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları, təlimçilər tərəfindən minaların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, onların yaratdığı təhlükələr, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları və aidiyyəti qurumların məlumatlandırılması barədə iştirakçılara ətraflı məlumat verilib. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet verilib.

Tədbir iştirakçıları və bu kəndlərdə fəaliyyət göstərən məktəbin müəllimləri bu tədbirin təşkil olunmasına görə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinə, layihənin donorlarına minnətdarlığını bildirdilər və belə bir maarifləndirmə tədbirinin bu kəndlərdə təhsil alan bütün şagirdlər üçün təşkil olunmasını xahiş ediblər.

Partlayıcı sursatlar təhlükəsinə dair sonuncu maarifləndirmə tədbiri Kəlbəcər şəhərində həyata keçiriləcək.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov


MANŞET XƏBƏRLƏRİ