ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının Kanadanı ilk “assosiativ üzv” kimi qəbul etmək təklifini “gülünc” adlandırıb və bunun ABŞ üçün düşmən addım kimi qiymətləndirilməsi halında Aİ-yə qarşı sərt tariflər tətbiq ediləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə Şimali Karolinada jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ prezidenti bildirib ki, Avropanın bu addımı “düşmənçilik aktı” kimi qiymətləndirilərsə, Aİ ölkələrinə çox yüksək tariflər tətbiq edə və bəzi sahələrdə Avropa ilə ticarəti dayandıra bilər.
“Kanada dəhşətli ticarət tərəfdaşına çevrilib. Əgər onlar bunu etsələr və bunun düşmənçilik hərəkəti olduğunu düşünsəm, Avropaya çox ciddi tariflər tətbiq edəcəyəm və ya bir çox sahədə ticarəti dayandıracağam”, - deyə Tramp bildirib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen daha əvvəl Kanadanın Aİ-nin ilk “assosiativ üzvü” olması imkanını irəli sürüb. Təklifin məqsədi Kanada ilə Aİ arasında iqtisadiyyat, müdafiə, enerji və texnologiya sahələrində əməkdaşlığı genişləndirməkdir.
Aytən Yaşar/ Turkustan.az