Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) "Roma statutu"na üzv dövlətlərin Assambleyası cinsi qısnama ittihamları ilə üzləşən baş prokuror Kərim Xanın vəzifəsindən uzaqlaşdırılmasına qərar verib.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Assambleyanın prezidenti Paivi Kaukoranta bildirib.
Məlumata görə, səsvermədə iştirak edən 125 üzv dövlətdən 82-si Kərim Xanın vəzifədən kənarlaşdırılmasının lehinə səs verib. Bu, BCM tarixində ilk dəfədir ki, fəaliyyətdə olan baş prokuror vəzifəsindən uzaqlaşdırılır.
Kərim Xana qarşı cinsi qısnama ittihamları ilə bağlı araşdırma 2025-ci ilin mayında başlanıb. Həmin vaxt BCM onun istintaq başa çatanadək inzibati məzuniyyətə göndərildiyini açıqlamışdı. Daha sonra, avqust ayında Britaniyanın "The Guardian" qəzeti ona qarşı eyni xarakterli ikinci ittihamın irəli sürüldüyünü yazmışdı.
Kərim Xan Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru kimi Rusiya Prezidenti Vladimir Putinə qarşı cinayət işinin istintaqını rəsmən 2 mart 2022-ci il tarixində başladıb. Beynəlxalq Cinayət Məhkəməsi 17 mart 2023-cü il tarixində Kərim Xanın müraciəti əsasında Vladimir Putinin rəsmi həbsinə order vermişdi.
Həmin cinayət işində Rusiya lideri Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz olaraq Rusiyaya deportasiya edilməsi və hərbi cinayətlər törətməkdə ittiham olunur.
Kərim Xan 2023-cü ildə Vladimir Putinlə yanaşı, Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verilməsi üçün müraciət etmişdi.
Buna cavab olaraq Rusiyada Kərim Xana qarşı bilərəkdən günahsız şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ittihamı ilə cinayət işi açılıb./modern,az