Yəmənin Qırmızı dəniz sahilində yerləşən Hodeydə şəhərində bir neçə ərazi intensiv hava hücumlarına məruz qalıb.
Turkustan.az xəbər verir ki, şəhərdə ardıcıl partlayışların baş verdiyi, bəzi rayonlardan isə tüstü qalxdığı bildirilir.
Turkustan.az xəbər verir ki, husilərə məxsus "Əl-Məsirə" televiziya kanalı hava hücumlarının Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirildiyini iddia edib. Məlumata görə, hücumlarda Hodeydə şəhərindəki rabitə obyektləri və Kamaran adası hədəf alınıb.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Hodeydə əyalətində bəzi husi hədəflərinə zərbələr endirdiyini təsdiqləyib. Lakin koalisiya Hodeydə limanının hədəf alınması ilə bağlı iddiaları təkzib edib.
Yerli mənbələrin məlumatına görə, şəhərin müxtəlif hissələrində güclü partlayış səsləri eşidilib, pilotsuz uçuş aparatlarının (PUA) fəallığı müşahidə olunub. Hücumlar əhali arasında təşviş yaradıb və bəzi ərazilərdə yanğınlar baş verib.
Hadisə nəticəsində ölən və ya yaralananlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Aytən Yaşar/ Turkustan.az