Tramp: İranla razılaşmanın vaxtı hələ çatmayıb


ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatların uğurlu olduğunu bildirib və Tehranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini iddia edib.

Turkustan.az xəbər verir ki, bununla yanaşı, o, İranın hələ ciddi danışıqlara hazır olmadığını düşünür.

Tramp bu fikirləri Ağ Ev Müxbirləri Assosiasiyasının təşkil etdiyi şam yeməyində çıxışı zamanı səsləndirib.

"İranda işlər çox yaxşı gedir. Saxta xəbərlərə inanmayın", – deyə, ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, ABŞ-ın endirdiyi zərbələr nəticəsində İranın hərbi potensialına ciddi ziyan dəyib.

"Biz onlara çox ağır zərbələr vurduq. Onların hərbi imkanlarının böyük hissəsini sıradan çıxardıq. Gördüklərinizə baxmayaraq, onların çox az sayda dronu qalıb", – deyə, o vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, İran hakimiyyəti razılaşma əldə etmək istəyir, lakin hələlik bunun üçün lazımi hazırlığa malik deyil.

"Biz hazırda danışıqlar aparırıq. Onlar razılaşma əldə etmək istərdilər, amma düşünmürəm ki, buna hazırdırlar. Hesab edirəm ki, bunun vaxtı hələ çatmayıb", – deyə, Tramp qeyd edib.

Bununla yanaşı, ABŞ lideri münaqişənin həlli üçün İran nümayəndələrinin təkliflərini dinləməyə hazır olduğunu da əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ