Fransa və İspaniyada geniş əraziləri əhatə edən meşə yanğınları ilə mübarizə davam edir.
Turkustan.az xəbər verir ki, təbii fəlakət səbəbindən hər iki ölkədə ümumilikdə 130 min nəfərin təxliyəsinə qərar verilib. Fransa ordusu yanğınların söndürülməsinə cəlb olunub, İspaniyada isə tarixdə ilk dəfə meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib.
Fransanın cənub-qərbində alovun sürətlə yayılması yaşayış məntəqələri və turizm zonaları üçün ciddi təhlükə yaradıb. Hakimiyyət Atlantik okeanı sahilində yerləşən məşhur Kap Ferre yarımadasının tam təxliyəsinə göstəriş verib.
Əsasən turistlərdən ibarət təxminən 110 min nəfər avtomobillər və xüsusi ayrılmış qayıqlarla təhlükəsiz ərazilərə köçürülür.
Fransa Prezidenti Emmanuel Makron yanğınlarla mübarizəyə dəstək məqsədilə ordu bölmələrinin səfərbər edilməsi barədə göstəriş verib. Daxili işlər naziri Loran Nünyez isə vəziyyətin son dərəcə təhlükəli olduğunu bildirib.
Nazirin sözlərinə görə, qarşılaşdıqları yanğın "konvektiv yanğın" xarakteri daşıyır. Bu tip yanğın öz enerjisini yaradır və küləyin təsiri ilə qəfil istiqamət dəyişə bilir. Hazırda alov əsasən Bordo istiqamətində irəliləyir.
Bundan başqa, Kap Ferrenin şimalında, Saumos kəndi yaxınlığında başlayan digər böyük yanğının yarımadaya çıxışı təmin edən yeganə yolu bağlamaq təhlükəsi yaratdığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az