ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanın pozulmasından sonra bölgədə hərbi gərginlik yenidən kəskinləşib.
Turkustan.az xəbər verir ki, Vaşinqtonun İrana qarşı hava hücumlarını bərpa etməsinə cavab olaraq Tehran da raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların miqyasını genişləndirib.
Məlumata görə, İran ordusu Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını, eləcə də enerji infrastrukturu və digər strateji obyektləri hədəfə alan genişmiqyaslı raket və dron zərbələri endirib.
Bu arada, ABŞ-ın "Wall Street Journal" qəzeti diqqətçəkən iddia ilə çıxış edib. Qəzet yazır ki, Bəhreyn və Küveyt gizli hava əməliyyatları çərçivəsində İran ərazisində pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə və raket buraxılış qurğularına zərbələr endirib.
Nəşrin iddiasına görə, bu əməliyyatlar regional münaqişənin daha da genişlənməsi və Yaxın Şərqdə genişmiqyaslı müharibə riskinin artması ilə bağlı narahatlıqları gücləndirib.
Hörmüz boğazında gərginliyin yenidən artmasından sonra ABŞ və İran arasında əldə olunmuş razılaşma qüvvədən düşüb. Bundan sonra Vaşinqton hərbi əməliyyatlarını bərpa edib, Tehran isə cavab olaraq ABŞ-ın bölgədəki hərbi mövqelərinə və strateji obyektlərinə hücumlarını intensivləşdirib.
Aytən Yaşar/ Turkustan.az