Sankt-Peterburq hücumu: Eskalasiya sülh danışıqlarını dalana dirəyir? - ŞƏRH


Son günlər Rusiya-Ukrayna müharibəsində gərginlik yenidən pik həddə çatıb. Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən paytaxt Kiyevə endirdiyi ardıcıl raket və dron zərbələri nəticəsində çoxsaylı ölən və yaralananların olduğu bildirilir.

Buna cavab olaraq Ukrayna da Rusiyanın Sankt-Peterburq şəhərini hədəf alıb. Qarşılıqlı hücumların intensivləşməsi münaqişənin daha da dərinləşdiyini göstərsə də, Kiyev diplomatik həll imkanlarının hələ də tükənmədiyini bəyan edir.

Mövcud vəziyyətdə tərəflər arasında danışıqların real nəticə vermə ehtimalı, hərbi eskalasiyanın sülh prosesinə təsiri və münaqişənin gələcək inkişaf perspektivləri ilə bağlı Turkustan.az politoloq Tural İsmayılovun fikirlərini öyrənib.

Azərbaycan ordusu öz gücünü bütün dünyaya sübut etdi - Tural İsmayılov  (ÖZƏL) - TurkicWorld

Tural İsmayılov

Mövcud vəziyyət göstərir ki, hərbi eskalasiya ilə diplomatik proses paralel şəkildə davam edir. Son dövrlərdə həm Rusiya, həm də Ukrayna bir-birinin dərin arxa cəbhəsinə zərbələri artırır ki, bu da tərəflərin danışıqlar masasına daha güclü mövqedən əyləşmək cəhdinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Bununla belə, hərbi əməliyyatların intensivləşməsi qısamüddətli perspektivdə etimad mühitini zəifləşdirir və kompromis imkanlarını məhdudlaşdırır. Ukraynanın danışıqlara açıq olduğunu bəyan etməsi diplomatik kanalların tam bağlanmadığını göstərsə də, real nəticə əldə olunması üçün tərəflərin əsas strateji tələbləri arasında ciddi yaxınlaşma baş verməlidir.

Hazırkı mərhələdə genişmiqyaslı siyasi razılaşmadan daha çox, humanitar məsələlər, əsir mübadiləsi və lokal atəşkəs kimi məhdud formatlı razılaşmaların əldə olunması ehtimalı daha yüksək görünür. Yekun sülh sazişi isə yalnız döyüş meydanındakı vəziyyətin və beynəlxalq vasitəçilərin təsir imkanlarının dəyişəcəyi halda daha real perspektiv qazana bilər. Buna görə də hazırkı şəraitdə həm diplomatik təmasların davam edəcəyini, həm də hərbi qarşıdurmanın müəyyən müddət paralel şəkildə sürəcəyini gözləmək daha əsaslı yanaşmadır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ