İspaniyanın Baş naziri və Sosialist İnternasionalının prezidenti Pedro Sançez Özgür Özəlin rəhbərliyi ilə yaradılan Yeni Partiyanı təbrik edərək ona dəstək mesajı ünvanlayıb.
Turkustan.az xəbər verir ki, Sançez mesajında Türkiyədə baş verən son siyasi proseslərə toxunaraq, Yeni Partiyanın yaradılmasını "cəsarətli addım" kimi qiymətləndirib.
Özgür Özələ "Əziz Özgür" sözləri ilə müraciət edən Sançez İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsi, CHP-dən seçilmiş bir sıra bələdiyyə sədrlərinin saxlanılması və partiyanın əvvəlki qurultaylarının etibarsız sayılması ilə nəticələnən məhkəmə qərarını xatırladıb.
Türkiyədə demokratiya və hüququn aliliyi uğrunda mübarizəni yaxından izlədiklərini bildirən Sançez deyib:
"Siz İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsi, partiyanızdan seçilmiş digər bələdiyyə sədrlərinin saxlanılması və əvvəlki qurultayların bütün demokratik qərarlarını etibarsız edən məhkəmə qərarı da daxil olmaqla çox ciddi çətinliklərlə üzləşmisiniz. Bütün bu sınaqlara cəsarətlə sinə gərmisiniz və hər zaman şəxsi maraqlardan üstün tutduğunuz ictimai mənafeləri müdafiə etmisiniz".

Aytən Yaşar/ Turkustan.az