Bakı sürətlə böyüyür. Yeni yaşayış binaları tikilir, yollar salınır, infrastruktur layihələri həyata keçirilir. Həmçinin, yaşıllıq sahələrinin artırılması, parkların salınması yönündə də müəyyən işlər görülür. Lakin Bakının elə əraziləri var ki, orada insanların asudə vaxtını keçirməsi, uşaqların əylənməsi üçün parklar ya yoxdur, ya da sayı azdır.
Dəfələrlə məsələ Milli Məclisdə də ayrı-ayrı deputatlar tərəfindən səsləndirilib. Bu il parlamentin iclaslarının birində deputat Fazil Mustafa Suraxanı rayonu Zabrat qəsəbəsində bir dənə də olsun parkın olmadığını bildirib. O qeyd edib ki, 150 minə yaxın əhalisi olan Zabrat qəsəbəsinə nümunə göstərməyə bircə park tapa bilməzsiniz.
Bəs Bakının hansı ərazilərində yeni parkların salınmasına daha çox ehtiyac var?
Bizim.Media-nın araşdırmasına görə, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planda bununla bağlı bir neçə layihə öz əksini tapıb.
Sənədə əsasən, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və sakinlərin istirahət imkanlarının genişləndirilməsi məqsədilə bir sıra ərazilərdə iri park və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur. Ən böyük layihələrdən biri Xocahəsən gölü ətrafını əhatə edir. Uzun illər istifadəsiz qalan və ekoloji problemlərlə yadda qalan bu ərazi gələcəkdə Bakının ən iri şəhər parklarından birinə çevrilə bilər. Burada yaşıllıq zolaqları, gəzinti yolları, idman və istirahət məkanlarının yaradılması planlaşdırılır.
Baş Planın diqqət ayırdığı digər məkan isə Böyükşor gölüdür. Göl ətrafında aparılan ekoloji bərpa işlərinin davamı olaraq sahilboyu geniş park və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur. Yeni yaşıllıq məkanlarının salınması planlaşdırılan ərazilər arasında Zığ və Bülbülə göllərinin ətrafı da var. Həmin ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə yanaşı, açıq ictimai məkanların və parkların yaradılması hədəflənir.
Baş Planda həmçinin Bibiheybət istiqamətində sahilboyu yaşıl zolaqların genişləndirilməsi və Dənizkənarı Bulvarın uzadılması nəzərdə tutulur.
Bu layihənin şəhərin cənub hissəsində yaşayan sakinlər üçün yeni istirahət imkanları yaradacağı gözlənilir.
2040 Baş Planının əsas məqsədlərindən biri Bakıda ictimai yaşıllıq sahələrinin əhəmiyyətli dərəcədə artırılması və şəhər sakinlərinin böyük hissəsinin yaşayış yerindən qısa məsafədə parkdan istifadə imkanının təmin edilməsidir.
2040-cı ilədək təxminən 1151 hektar ictimai parka sahəsinin ayrılması planlaşdırılır. Gölətrafı layihələr hesabına 962 hektardan çox yeni rekreasiya və yaşıllıq zonası yaradılması nəzərdə tutulur. Adambaşına düşən yaşıllıq sahəsinin 8 m²-ə çatdırılması və əhalinin ən azı 80%-nin evindən 500 metr məsafədə ictimai yaşıllığa çıxışının təmin edilməsi gözlənilir.