7 ölkə İranla savaşa girir? - Ekspert


ABŞ-ın əsas məqsədi Yaxın Şərq ölkələrini, xüsusilə ərəb dövlətlərini İranla müharibəyə cəlb etməkdir. İranla ərəb ölkələri arasında uzun illərdir davam edən dini, milli və geosiyasi qarşıdurma mövcuddur. Hazırda isə əsas mübarizə Hörmüz boğazı və Fars körfəzi üzərində nəzarət uğrundadır. Dünya neft hasilatının təxminən 20 faizi bu marşrutdan keçdiyi üçün bu bölgə strateji əhəmiyyət daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Heydər Oğuz Fars körfəzinin 6 ölkəsi və İordaniyanın İrana qarşı Amerikanın hərbi hücumlarında iştirak etdiyi haqda yayılan informasiyanı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu siyasətdə ən vacib ölkələrdən biri İordaniyadır:

“Çünki Hörmüz boğazına alternativ kimi nəzərdə tutulan Hicaz dəmir yolu Səudiyyə Ərəbistanı–İordaniya–Suriya–Türkiyə marşrutu ilə Avropaya çıxışı təmin etməlidir. Layihə İranın ənənəvi enerji marşrutuna alternativdir və Tehran onun həyata keçirilməsində maraqlı deyil. Məhz ona görə İran 2010-cu illərdə Suriyada aktiv rol aldı. Bundan əvvəl Qətər öz qaz kəmərini Suriya və Türkiyə üzərindən Avropaya çatdırmağı planlaşdırırdı. Bu layihə həm İranın, həm də Rusiyanın maraqlarına zidd olduğundan hər iki ölkə onun qarşısını almağa çalışdı. Hazırda isə Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı Hicaz dəmir yolu layihəsini yenidən gündəmə gətiriblər. Marşrut reallaşarsa, Hörmüz boğazından asılılıq azalacaq. İran isə buna qarşı çıxır. Çünki Hörmüz boğazına nəzarət etməklə dünya enerji bazarına təsir göstərmək və strateji üstünlüyünü qorumaq istəyir. Bu səbəbdən İranla İordaniya arasında gərginlik artır. Lakin proses təkcə İordaniya ilə məhdudlaşmır. Səudiyyə Ərəbistanı, Körfəz ölkələri, Misir və dolayısı ilə Türkiyənin də maraqları bu prosesdən təsirlənir. Bab əl-Məndəb boğazının bağlanması həm Misirin, həm də Pakistan və Çinin maraqlarına zərbə vurur. Pakistan da artıq bəyan edib ki, İran Səudiyyə Ərəbistanına hücum edərsə, müharibəyə qoşulacaq. Nəticədə, bölgədə elə bir vəziyyət formalaşır ki, İranla mümkün qarşıdurmaya təkcə ərəb ölkələri deyil, regionun digər mühüm dövlətləri də cəlb oluna bilər”.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Fars körfəzi ölkələrinin və İordaniyanın İrana qarşı Amerikanın hərbi hücumlarında iştirak etdiyini bəyan edib. İran isə rəsmi açıqlamasında sözügedən ölkələri bu xəbərə münasibət bildirməyə çağırıb.


MANŞET XƏBƏRLƏRİ