Rusiyadan gözlənilməz F-35 mesajı: Türkiyəyə etiraz etmirik


ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla hərbi əməkdaşlığın genişləndirilməsi və F-35 qırıcılarının Ankaraya mümkün satışı ilə bağlı verdiyi mesajlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Vaşinqton-Ankara münasibətlərində müşahidə olunan yaxınlaşmanın NATO daxilində qüvvələr balansına, Rusiya-Türkiyə əlaqələrinə və regional təhlükəsizlik arxitekturasına necə təsir edəcəyi geniş müzakirə olunur.

Moskvanın bu proseslərə münasibəti də xüsusi maraq doğurur. Görəsən, Kreml ABŞ-Türkiyə münasibətlərində yeni mərhələni necə qiymətləndirir? Türkiyənin F-35 proqramına mümkün qayıdışı Rusiya üçün nə dərəcədə həssas məsələdir?

Modern.az-a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova bildirib ki, Rusiya Donald Tramp və Ərdoğanın təşəbbüslərinə müsbət yanaşır:

“Görürük ki, ABŞ ilə Türkiyə arasında münasibətlərdə istiləşmə, liderlər arasında qarşılıqlı anlaşma var. Həmçinin müşahidə olunur ki, hər iki lider ümumilikdə bir-birinə simpatiya bəsləyir. Tramp və Ərdoğan Putinə ruhən yaxın olan, neolariberal modelə və hazırda təkcə Avropanı deyil, bütün dünyanı nəzarətə götürmək istədiyi iddia olunan qlobalist elitalara qarşı mübarizə aparan liderlər kimi qiymətləndirilir. Onlara qarşı duran liderlər sırasında Tramp, Ərdoğan və Putin göstərilir. Buna görə də bu liderlər arasında qarşılıqlı anlaşmanın və təmasların olması, münasibətlər dostluq səviyyəsində olmasa belə, ən azı danışıqlar aparmaq imkanının mövcudluğu Rusiya tərəfindən müsbət qarşılanır”.

D. Qrevtsova qeyd edib ki, F-35 qırıcıları ilə bağlı məsələyə Rusiyanın ciddi etirazı yoxdur:

“Bildiyimiz kimi, Türkiyə daha əvvəl F-35-ləri almağı planlaşdırılırdı, lakin həmin vaxt ABŞ münaqişəyə görə bundan imtina etmişdi. Ərdoğan da buna razılaşmamışdı, çünki ona qarşı çevriliş cəhdinin ABŞ tərəfindən hazırlandığı iddia olunurdu və həmin şəraitdə bu sistemlərdən istifadə düzgün hesab edilmirdi. Məhz buna görə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması barədə qərar qəbul edildi. Hazırda heç kim S-400 sistemlərini geri qaytarmaq niyyətində deyil. Bununla yanaşı, müdafiə imkanlarını gücləndirmək üçün əlavə olaraq F-35 qırıcılarının alınması da mümkün hesab olunur. Rusiya buna anlayışla yanaşır və Ankara öz maraqlarına uyğun hesab etdiyi addımları ata bilər. Əsas məqam isə ondan ibarətdir ki, Putinin həm Ərdoğanla yaxşı münasibətləri, həm də Trampla işgüzar təmasları var. Buna görə də bu liderlər ünsiyyət qurduqda, danışıq apardıqda və əvvəllər razılığa gələ bilmədikləri məsələlər üzrə anlaşma əldə etdikdə, Moskva bunu müsbət qarşılayır”.


MANŞET XƏBƏRLƏRİ