Hakim İmamoğlunu məhkəmə zalından çıxardı


İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı açılan "Korrupsiya" işində vəzifəsindən kənarlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, 59-u həbsdə olan 414 təqsirləndirilən şəxs hakim qarşısına çıxıb.

Turkustan.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əkrəm İmamoğlu müdafiə çıxışı etmək üçün məhkəmə zalına gətirilib.

"Müşahidələrimi, tələblərimi və etirazlarımı bildirmək üçün kürsüyə gəlmişəm. 9 iyulda yekunlaşdıracağınız açıqlamalar verdiniz” deyən Əkrəm İmamoğluna məhkəməyə sədrlik edən hakim belə cavab verib:

"Planımızı əvvəldən bildirdik. Yeni bir plan hazırlamadıq. Planımız əvvəldən aydın idi. Dinləniləcək sonuncu təqsirləndirilən şəxs olmaq istədiyinizi bildirdiniz. Yenə də, bu məqamda sonuncu sizin növbənizdir."

İmamoğlu həmkarlarını dinləməkdən məhrum olduğunu deyərək, bununla qanuni hüquqlarının pozulduğunu bildirib. O, etirazlarının qeydə alınmasını tələb edib.

Hakim isə cavabında bildirib:

"Bu iş lazımsız yerə uzanıb. Biz məhkəməni 4 aydır ki, aparırıq. Biz cədvəli dəyişdirməyəcəyik. Əgər müdafiə etmək istəmirsinizsə, bunu susmaq hüququnuz kimi qeyd edəcəyəm.

Əgər mənimlə danışıqlar aparmaq üçün bura gəlmisinizsə, sizi məhkəmə zalından çıxaracağam. Ya müdafiənizə davam edək, ya da davam etməsəniz, sizi məhkəmə zalından çıxaracağam".

İmamoğlu məhkəməyə özünü müdafiə etmək üçün yox, mühakimə etməyə gəldiyini deyib.

Mübahisələrdən sonra İmamoğlu məhkəmə zalından çıxarılıb. //bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ