Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyası Ukrayna ərazisinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücuma hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İrlandiyanın Baş naziri Mixail Martin ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Prezident qeyd edib ki, kəşfiyyatın əldə etdiyi məlumatlar narahatlıq doğurur və bu səbəbdən görüşdən dərhal sonra komandası ilə birlikdə Ukraynaya qayıdacaq.
“Xalqımızdan xüsusilə diqqətli olmalarını, özlərini, uşaqlarını və ailələrini qorumalarını xahiş edirəm. Hava hücumu siqnallarına əməl edin və zərurət yarandıqda sığınacaqlardan istifadə edin”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiya bir müddətdir belə bir hücuma hazırlaşır və təhlükə məhz bu gecə reallaşa bilər.
Zelenski əlavə edib ki, Ukrayna həm rəsmi, həm də qeyri-rəsmi kanallar vasitəsilə Rusiyaya mənalı danışıqlara hazır olduğunu və müharibənin dayandırılmasının vacibliyini çatdırmağa çalışsa da, Rusiya Prezidenti Vladimir Putin buna razılıq vermir.
Aytən Yaşar/ Turkustan.az