“BMT Təhlükəsizlik Şurası bu beynəlxalq təşkilatda islahatlara mane olur, eyni zamanda dünyada münaqişə və qarışıqlığın əsas mənbəyidir”.
Turkustan.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Dövlət başçısı hesab edir ki, BMT Təhlükəsizlik Şurası kritik məsələlərin həllinə mane olur, orta, hətta kiçik dövlətlər isə beynəlxalq arenada ondan daha məsuliyyətli davranırlar.
“Şübhəsiz ki, bu gün baş verənlər fonunda BMT əvəzolunmazdır, universaldır. İndi hər kəs onun təkcə dəstəyə yox, həm də islahatlara layiq olduğunu söyləyir. Bəli, bu doğrudur, amma həm də çox açıq danışmalıyıq. Heç kim bunun çox tezliklə baş verəcəyinə inanmır, ən azı ona görə ki, biz uzun müddətdir BMT-də islahatlar, dəyişikliklər və yenidənqurmalardan danışırıq, amma bu, heç vaxt baş vermir. Səmimi şəkildə etiraf etməliyik ki, BMT-də islahatlara mane olan Təhlükəsizlik Şurasıdır”, - Tokayev bildirib.
Qazaxıstan lideri əlavə edib ki, bütün münaqişələrin və ya dünyadakı qarışıqlıqların əsas mənbəyinin Təhlükəsizlik Şurası olması faktı barədə son dərəcə açıq danışmaq lazımdır: “Regional güclər, ortaölçülü güclər, hətta kiçik güclər beynəlxalq arenada daha məsuliyyətli davranırlar”.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası beş daimi üzvdən – ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniyadan ibarətdir. Uzun müddətdir qurumun daimi və qeyri-daimi üzvlərinin sayının artırılması barədə müzakirələr gedir./teleqraf