Azərbaycanda 3 yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 aylıq sosial sığorta stajının tələb edilməsi bir sıra valideynlər üçün suallar yaradır. Xüsusilə rəsmi əmək fəaliyyəti olmayan, indiyədək əmək müqaviləsi bağlamayan və sosial sığorta ödənişi aparılmayan şəxslərin bu ödənişdən yararlanmaq imkanları müzakirə mövzusuna çevrilib.
Bəs yeni tələb işləməyən və heç vaxt rəsmi iş təcrübəsi olmayan valideynlərin müavinət hüququna necə təsir edəcək?
Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yeni tələb ilk növbədə rəsmi əmək fəaliyyəti olmayan valideynlərə təsir göstərəcək deyib.
Onun sözlərinə görə, valideynin ən azı 6 aylıq sosial sığorta stajı yoxdursa, o, 3 yaşınadək uşağa qulluğa görə müavinət almaq hüququndan məhrum olacaq:
“Əvvəllər işləməyən, əmək müqaviləsi bağlamayan və sosial sığorta ödənişi aparılmayan şəxslər üçün bu şərt ciddi məhdudiyyət yaradır.
Burada əsas məsələ odur ki, uşağa qulluq sosial baxımdan zəruri fəaliyyət olsa da, yeni yanaşma müavinət hüququnu sosial sığorta sistemində iştirakla əlaqələndirir. Bu isə xüsusilə gənc ailələr, ilk dəfə ana olan və əmək bazarına daxil olmamış qadınlar üçün çətinlik yarada bilər. Nəticədə sosial təminata ən çox ehtiyacı olan bəzi ailələr həmin ödənişdən kənarda qala bilərlər”.
Beləliklə, sosial sığorta stajı tələbi rəsmi əmək fəaliyyəti olan valideynlərlə əmək bazarında iştirak etməyən şəxslər arasında müavinətə çıxış baxımından fərq yaradar. Bu isə uşağa qulluq dövründə ailələrin sosial müdafiəsinin hansı mexanizmlərlə təmin olunacağı məsələsini yenidən gündəmə gətirir.