Avropa İttifaqı Yaxın Şərq ölkələrinə 458 milyon avro humanitar yardım ayıracaq


Avropa Komissiyası bildirib ki, Avropa İttifaqı (Aİ) 2026-cı ildə Fələstin, Livan, Suriya, İordaniya və Misirə ümumilikdə təxminən 458 milyon avro humanitar yardım ayıracaq.

Turkustan.az xəbər verir ki, Komissiyanın yaydığı yazılı açıqlamada bəzi əsas donorların regiondan geri çəkildiyi və beynəlxalq humanitar hüququn ciddi təzyiq altında olduğu vurğulanıb.

Bildirilib ki, Aİ-nin Suriyaya ayırdığı 210 milyon avroluq humanitar yardım ölkə daxilində fövqəladə hallara cavab tədbirlərini və müdafiə fəaliyyətlərini dəstəkləyəcək. Bu vəsait ərzaq yardımı, səhiyyə xidmətləri, sığınacaq, təmiz suya çıxış və məktəbdən kənar qalan uşaqların təhsili kimi sahələrə yönəldiləcək.

Fələstin üçün ayrılan 124 milyon avro isə ərzaq yardımı, səhiyyə, müdafiə, sığınacaq və təhsil sahələrində istifadə olunacaq.

Livan üçün nəzərdə tutulan 100 milyon avro təcili səhiyyə xidmətlərini, əsas humanitar yardımı, qoruma xidmətlərini, sığınacaq təminatını və məktəbdən kənar qalan uşaqların təhsilini dəstəkləyəcək.

İordaniya üçün ayrılmış 15,5 milyon avro səhiyyə və müdafiə kimi vacib xidmətlərin davam etdirilməsinə, həm düşərgələrdə, həm də düşərgələrdən kənarda yaşayan qaçqınların ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Misir üçün ayrılan 8 milyon avro isə ən həssas qruplara çoxsektorlu dəstək göstərmək məqsədilə istifadə olunacaq. Bu çərçivədə məktəbdən kənar qalan uşaqların təhsili və fəlakətlərə hazırlıq üzrə regional proqramların dəstəklənməsi planlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ