Niyə etirazlar İran rejimini yerindən tərpədə bilmir? – “Reuters” səbəbləri araşdırıb


İranda irimiqyaslı etirazlar davam etsə də, ölkənin siyasi təhlükəsizlik elitasında ciddi çat əlamətləri müşahidə olunmur.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi analitik material dərc edib.

Bildirilir ki, xaricdən illərdir davam edən təzyiqlərə baxmayaraq, dünyada ən möhkəm rejimlərdən biri sayılan İslam Respublikasının yaxın zamanda süquta uğrayacağı ehtimalı az görünür.

Yaxın Şərqdə iki hökumət mənbəyi, iki diplomat və iki təhlilçinin fikrincə, daxildə ciddi parçalanma baş verməzsə, rejim zəifləsə belə, ayaqda qalmağı bacaracaq.

İranlı-amerikalı akademik Vəli Nəsr bildirir ki, İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) və “Bəsic” yarımhərbi qüvvələrinin rəhbərlik etdiyi təhlükəsizlik arxitekturası daxildən dağılmadıqca, xarici təzyiqlər rejimi çökdürməkdə çətinlik çəkir.

“Belə bir ssenari üçün küçələrdə izdiham uzun müddət qalmalıdır, dövlət parçalanmalıdır və xüsusilə təhlükəsizlik qüvvələrinin bir hissəsi sistemdən ayrılmalıdır”, – deyə Nəsr vurğulayıb.

“Reuters”in sorğularına İranın BMT-dəki missiyası, ABŞ Dövlət Departamenti və Ağ Ev rəsmi şərh verməyib.

86 yaşlı ali dini lider Əli Xamenei indiyədək bir neçə irimiqyaslı iğtişaşı geridə qoyub. Bu, 2009-cu ildən bəri ölkədə beşinci böyük etiraz dalğasıdır. Yaxın Şərq İnstitutunun təhlilçisi Pol Salemə görə, bu fakt dərin daxili böhranlara baxmayaraq, rejimin davamlılığını göstərir.

Bununla belə, analitiklər etirazların yatırılmasını sabitliklə eyniləşdirmirlər. İslam Respublikası 1979-cu ildən bəri ən ağır dövrlərindən birini yaşayır: sanksiyalar iqtisadiyyatı sıxır, İsrail və ABŞ-nin təzyiqləri artır, nüvə proqramı məhdudlaşdırılıb, Livan, Suriya və Qəzzadakı müttəfiqlər ciddi itkilər verib.

Nəsrin sözlərinə görə, rejim hələ “iflas anı”na çatmayıb, lakin “böyük çətinliklə irəliləyə biləcəyi bir mərhələdədir”.

“The Financial Times”a (FT) danışan ekspertlər isə İrana qarşı mümkün hərbi əməliyyatların əks-effekt verə biləcəyini düşünürlər. Onların fikrincə, belə bir addım hökumətin mövqelərini gücləndirə, cəmiyyəti “bayraq ətrafında” birləşdirə bilər. Qəzet xatırladır ki, iyunda İsraillə 12 günlük müharibə zamanı dərin siyasi qütbləşməyə baxmayaraq, iranlıların əksəriyyəti hökumət ətrafında birləşmişdi.

“İstəmədiyin nəticəni əldə etmək riski var – ölkəni birləşdirə bilərsən”, – deyə ABŞ-nin keçmiş müdafiə rəsmilərindən biri mümkün müdaxilə ilə bağlı xəbərdarlıq edib.

FT yazır ki, ABŞ hərbi strateqləri sistemdən fərariliyə səbəb ola biləcək hədəfləri müəyyənləşdirməkdə ciddi çətinliklərlə üzləşirlər. Keçmiş president Co Bayden administrasiyasında Pentaqonun Yaxın Şərq üzrə keçmiş rəsmisi Dana Stroulun fikrincə, etirazçıları qorumaq üçün hərbi zərbələrlə məqsədə çatmaq real görünmür.

Müşahidəçilər qeyd edirlər ki, Tehran indiyədək etirazlara və mümkün hərbi təhdidlərə daha sərt zorakılıqla cavab verib. Xamenei və onun ətrafı hesab edir ki, təzyiqə boyun əymək daha böyük təcavüzə yol açar. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ