Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin məsuliyyəti üzərinə götürərək müvafiq qərarlar verməli olduğunu bildirib və vurğulayıb ki, Kiyev administrasiyasının qərar qəbul etmək üçün vaxtı tükənir.
Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında aktual məsələlərə toxunub.
O, ABŞ prezidenti Donald Trampın Zelenskinin Ukrayna böhranının həlli prosesinə mane olduğu barədə fikirləri ilə razılaşdıqlarını deyib. Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və Moskva tərəfi münaqişənin həllinə açıqdır və Amerika tərəfi, o cümlədən Tramp və Kiyev rəhbərliyi Rusiyanın mövqeyindən yaxşı xəbərdardır. Onun sözlərinə görə, bu mövqe ardıcıl və dəyişməzdir.
Kiyev administrasiyası üçün vəziyyətin getdikcə çətinləşdiyini bildirən Peskov əlavə edib ki, qərar qəbul etmək üçün vaxt daralır və Zelenskinin məsuliyyət daşıyaraq düzgün addımlar atmasının vaxtı çatıb. Lakin hazırda Kiyev bu istiqamətdə hərəkət etmir.
Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və kürəkəni Cared Kuşnerin Rusiyaya mümkün səfərinə münasibət bildirən Peskov qeyd edib ki, amerikalı tərəfdaşlarla mövcud əlaqə kanalları aktivdir və dialoq davam edir. Onun sözlərinə görə, səfərin tarixi razılaşdırılarsa, bu baş tuta bilər və danışıqların davam etdirilməsi zəruri hesab olunur. Peskov vurğulayıb ki, ABŞ tərəfi ukraynalılar və avropalılarla çoxsaylı görüşlər keçirib və bu prosesdə Rusiya tərəfinin mövqeyinin də ifadə olunması vacibdir.
Aytən Yaşar/ Turkustan,az