Şimali Koreya 2011-ci ildən bəri Kim Çen In tərəfindən idarə olunur.
Turkustan.az xəbər verir ki, hazırda ölkədə növbəti liderlik üçün iki əsas namizəd önə çıxır: Kim Çen Inın bacısı Kim Yo Çen və qızı Kim Cu E. Son dövrlərdə 12 yaşında olduğu ehtimal edilən Kim Cu E-nin rəsmi tədbirlərdə və dövlət səfərlərində daha tez-tez görünməsi diqqət çəkir.
Süni intellekt əsasında aparılan təhlillərə görə, Kim Cu E-nin dövlət mediasında görünmə tezliyi son üç il ərzində əhəmiyyətli dərəcədə artıb. Bu isə onun mümkün varis olması ilə bağlı iddiaları gücləndirir.
Şimali Koreya 1948-ci ildə qurulduğu gündən bəri Kim ailəsi tərəfindən idarə olunur. Hazırkı lider Kim Çen In ölkənin qurucu lideri Kim İr Senin nəvəsidir. Dünyanın ən qapalı və sirli ölkələrindən biri hesab edilən Şimali Koreyada idarəetmə sistemi qan qohumluğuna əsaslanır və cəmiyyətdə sərt patriarxal ənənələr mövcuddur.
Bu səbəbdən növbəti liderlik məsələsində iki əsas fiqur ön plana çıxır: Şimali Koreya İşçi Partiyasının sədr müavini olan Kim Yo Çen və Kim Çen Inın qızı Kim Cu E.
Uzun müddət Kim Yo Çen həm rəsmi səfərlərdə aktiv rolu, həm də açıq bəyanatları ilə potensial varis kimi qiymətləndirilirdi. Lakin zaman keçdikcə Kim Çen Inın qızının ictimai arenada görünməsi artıb. Kim Cu E ilk dəfə 19 noyabr 2022-ci ildə atası ilə birlikdə ballistik raket sınaqlarını izləyərkən ictimaiyyət qarşısına çıxıb.
Onun Kim Çen Inın yeganə övladı olduğu bildirilsə də, bu məsələ ilə bağlı fərqli iddialar mövcuddur. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kim Çen Inın 16, 12 və 9 yaşlarında üç övladı var və Kim Cu E bu uşaqların ortancılıdır. Pxenyan rejimi indiyədək liderin ailə quruluşu ilə bağlı rəsmi məlumat açıqlamadığı üçün digər iki uşaq heç vaxt ictimaiyyət qarşısına çıxmayıb.

Aytən Yaşar/ Turkustan.az